“Azərsu” avtomobil qəzasına görə məhkəməyə verilə bilər

0

Ötən həftə Babək prospektində  “Azərsu” ASC-nin təmir işləri aparmaq məqsədilə qazdığı quyuya avtomobil düşməsi barədə məlumat vermişdik. Belə ki, hərəkətin sıx olduğu prospektə dərin yarğanın qazılması nəticəsində yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil hərəkəti itirərək, çuxura aşmışdı.

Hadisədən sonra sosial şəbəkədə statuslar yazılaraq qazıntını aparan “Azərsu” ASC qınanıldı. Bildirildi ki, qurum qazıntı aparan zaman müvafiq tədbirləri görməyib, qanuna müvafiq nişanları yerləşdirməyib. Bu səbəbdən də hərəkətdə olan sürücü çuxura düşüb. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, sürücü də xəsarət almışdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Azərsu” ASC-dən “Yeni Müsavat”a bildirilib ki, yolda  görülən işlər tamamilə yekunlaşıb və hər hansı problem yoxdur. Qurumdan həmçinin bildirildi ki, təmir işləri ilə bağlı müvafiq təhlükəsizlik tədbirləri görülüb: “Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi – ”Mersedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb”.

Bəs belə durumda sürücü qurumu məhkəməyə verə bilərmi?

Ekspert Ərşad Hüseynov bildirib ki, hadisə yol-nəqliyyat hadisəsidir: “Qanunvericiliyin tələblərinə görə, yollarda nəqliyyat vasitəsinin istifadə prosesində yaranan və ziyan dəyməsi ilə nəticələnən belə hadisələr yol nəqliyyat hadisəsidir. Belə olan halda yol-nəqliyyat hadisəsi mütləq araşdırılmalıdır. Məndə olan məlumata görə, hadisədə sağlamlığa zərər də dəyib. Əgər belədirsə, bu, cinayət tərkibli hadisə də ola bilər və daha diqqətlə araşdırılmalıdır. Araşdırmanın nəticəsində isə bütün detallar müəyyən olunmalıdır. Araşdırmalıdır ki, işlər qanuna uyğun olub, ya yox. Eyni zamanda, işlər görülən zaman ”Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulan hüququ əsaslara riayət olunubmu? Nişanlar, xətlər hamısı yerindəmi olub?

Ərşad Hüseynov ile ilgili görsel sonucu

Bütün bunların hamısı yoxlanmalıdır. Ümumiyyətlə, müəyyən etmək lazımdır ki, hadisə kimin səhvi nəticəsində baş verib. Əgər müəyyən edilsə ki, hadisə “Yol hərəkəti haqqında” qanunun 71-ci maddəsi pozulub, yaxud da işlər bağlı düzgün tədbirlər görülməyib, o zaman buna yol vermiş şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir. 71-ci maddəyə görə, yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur: Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər.

İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır.

Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir.

Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdə tutulmalıdır. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.  Daha sonra isə zərərçəkən də hüquqi olaraq zərərçəkən kimi tanınmalıdır. Ona hüquqları izah edilməlidir ki, siz dəymiş zərərin qarşılığında filankəsdən tələb edə bilərsiniz. Yardım göstərilməlidir ki,  zərərçəkənə dəymiş zərər ödənilsin”.

Ekspert bildirib ki, burada əsasən işi icra edən məsuliyyət daşıyır: “Nişanlar da qanuna uyğun olaraq qazılan yerdən müvafiq məsafədə qoyulmalıdır”.

©musavat.com