“Azərsu” sədri yağışdan sonra Bakıda yaranan problemlərə münasibət bildirib

0
Qorxmaz Hüseynov

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib.

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında Q. Hüseynov bildirib ki, bütün kanalizasiya xətləri mütəmadi təmizlənir: “Xüsusilə yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir. Kanalizasiya xətlərinə yad tullantılar atılır. Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Ya kanalizasiya tutulur, ya da yağış suları çox olduğuna görə kanalizasiya sistemləri çatdıra bilmir. Digər tərəfdən Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin artması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Q. Hüseynov eyni zamanda bildirib ki, Bakının Ramana, Biləcəri, Zabrat qəsəbələrində, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində gələn il yağışdan sonra gölməçələrin yaranmasının qarşısı almaq mümkün olacaq: “Kritik yerlər artıq müəyyən edilib, həmin yerlərdə yağış sularının çəkilməsi üçün layihələr icra edilir. Bu işlərin gələn il başa çatması gözlənilir”.

©APA