Bu ilin sonuna qədər bütün sahibkarların elektron nəzarət-kassa aparatları ilə təmin edilməsi hədəfinə çatılacaq.
Bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası” ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Onun sözlərinə görə, bu bizim həm pərakəndə ticarətimizi və buna müvafiq olaraq topdansatış ticarətimizdə və istehsal sahələrimizdə uçotun xeyli dərəcədə təkmilləşdirilməsinə gətirib çıxaracaq:
“Bu da öz növbəsində vergi daxilolmaları ilə yanaşı, təhlillərin aparılması və gələcəkdə tətbiq etmək istədiyimiz bu və ya digər güzəştlərin, yəni hər-hansı preferensialların tətbiq edilməsi üçün kifayət qədər əhəmiyyətli bazanın yaradılmasına kömək göstərəcək. Növbəti illərdə bunun müsbət təsirini müşahidə edə biləcəyik.
Bu gün təhlil etdiyimiz 3 sahənin 2-si pilot layihələrdir və bu sahələrdə aparılan islahatlarımız digər sahələrdə keçirilən islahatlardan daha əhəmiyyətli, daha dərin həyata keçirilib. Yəni həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm büdcə vəsaitlərinin qənaətlə və məqsədyönlü xərclənməsi istiqamətrində yeni yanaşmadır”.