“Azər Türk Bank” ASC 2021-ci ili 546 min manat mənfəətlə başa vurub. 2020-ci ildə isə bank 423 min manat mənfəət etmişdir.
Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu illik müqayisədə 29.1% çoxdur.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Azər Türk Bank”ın gəlirləri 35 milyon 819 min manat (illik müqayisədə 15.4% çox), xərcləri 35 milyon 676 min manat (18.2% çox), xüsusi ehtiyatlara ayırmaları 747 min manat təşkil edib. Bank 344 min manat mənfəət vergisi ödəyib.
BANK BÖYÜYÜB
Bu il yanvarın 1-nə “Azər Türk Bank”ın aktivləri 407 milyon 328 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 13.4% çoxdur. Bunun 233 milyon 592 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, 1 ildə Bankın kredit portfeli 40% böyüyüb.
KREDİT PORTFELİ ARTIB
“Azər Türk Bank”ın müştərilərə verdiyi istehlak kreditləri 42 milyon 243 min manatdan 77 milyon 672 min manata, biznes kreditləri 38 milyon 833 min manatdan 45 milyon 939 min manata, daşınmaz əmlak kreditləri 86 milyon 284 min manatdan 109 milyon 981 min manata çatıb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 15.5% artaraq 350 milyon 348 min manata, o cümlədən depozit portfeli 15.3% artaraq 207 milyon 486 min manata, balans kapitalı isə 2% artaraq 56 milyon 980 min manata çatıb.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12.4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1.1 %-i “Zıraat Bank İnternational”a, 6.5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.