13 C
Baku
Friday, November 22, 2024

‘Azər Türk Bank’ və ‘Azərsığorta’ AİH-in idarəetməsinə verildi

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir,

 1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Azər-Türk Bank” Açıq Səhmdar CəmiyyətiAzərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilsin.

 2. Azərbaycan İnvestisiya Holdinqi:

2.1. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci və 2.2-ci bəndləri icra olunanadək “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin idarəetmə orqanları fəaliyyətini davam etdirsinlər.

 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2021-ci il

Son xəbərlər
Digər xəbərlər