Azərbaycan İnvestisiya Holdinqinə daxil olan “Azəralüminium” MMC 2024-cü ildəki xalis mənfəəti 17.6 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 470% artım deməkdir.
Banker.az bunu şirkətin “RSM Azerbaijan” audit şirkəti tərəfindən verilən rəyinə istinadən xəbər verir.
Əməliyyat mənfəəti də 2024-cü ildə 16.5 milyon manat olub, 2023-cü ilin 56 min manatı ilə müqayisədə xeyli yüksəlib.
2024-cü ilin gəlirləri 249.3 milyon manat təşkil edib və 2023-cü illə müqayisədə 1% artım göstərib. Satışın maya dəyəri isə 223.3 milyon manat olmaqla əvvəlki ilə görə 5% artıb. Ümumi mənfəət 26 milyon manat olub, bu isə 2023-cü illə müqayisədə 123% çoxdur.
Əməliyyat fəaliyyətlərindən yaranan xalis pul vəsaiti 2024-cü ildə 33 milyon manat təşkil edərək 2023-cü ilə nisbətən 2% artıb. İnvestisiya fəaliyyətlərindən istifadə olunan pul vəsaiti 41.4 milyon manat olub, əvvəlki illə müqayisədə 220% artım göstərib. Maliyyələşdirmə fəaliyyətlərindən istifadə isə 1.4 milyon manat təşkil edib. Ümumilikdə ilin sonunda şirkətin pul vəsaitləri 16.3 milyon manat olub, 2023-cü ilin 26 milyon manatı ilə müqayisədə 37% azalma var.
2024-cü ilin sonuna “Azəralüminium”un cəmi aktivləri 383.7 milyon manat təşkil edib ki, bu da illikmüqayisədə 4% artımı göstərir. Uzunmüddətli aktivlər 194 milyon manat olub, cari aktivlər isə 189.7 milyon manata çatıb.
“Azəralüminium” 2018-ci ildə dövlət qeydiyyatına alınıb, ötən ilin sonuna qədər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində olub. Korporasiya Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilib.