Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2016-cı ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 49,54 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib. Oktyabr ayında xalis satış bundan təxminən 1,9 dəfə çox – 94,54 mln. dollar olub.
Ümumiyyətlə, 2016-cı ilin ilk 11 ayında kommersiya banklarının əhaliyə xalis dollar satışı 425,081 mln. dollar təşkil edib.
Əvvəlki ilin noyabrında isə bankların əhaliyə xalis dollar satışı 377,884 mln. dollar olub.
“Report”un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda ABŞ dolları ilə müqayisədə yenidən zəifləməsi ilə bağlıdır.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il dekabrın 1-nə 11 182,4 mln. dollar və ya 73,6% azalaraq 4 011 mln. dollara qədər enməsinə səbəb olub.