Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 205 nəfər və ya 0.14 faiz artaraq 2025-ci il iyun ayının 1-i vəziyyətinə 10 239 094 nəfərə çatıb.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38836 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşmüşdür.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 1264-ü əkiz, 57-si isə üçəm olub.