Ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Ötən il də bu artım 0.1% təşkil edib.
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olmuşdur. Körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulmuşdur. Bu ilin ilk iki ayında ölkədə 10395 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşüb.