Azərbaycan keçən il xaricdən Aİ-92 markalı avtomobil benzininin idxalını 262,4 min tona çatdırıb.
Banker.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 dəfədən çox artım deməkdir.
Avtomobil benzininin idxalına görə Azərbaycan ticarət tərəfdaşlarına 225 milyon ABŞ dolları ödəniş edib.
İdxal edilmiş benzinin bir tonu ölkəyə orta hesabla 861 dollara (1 463 manata) başa gəlib. Bu, öncəki ildəki 926 dollardan ucuz olsa da, Tarif Şurasının 1 iyul 2024-cü ildən müəyyən etdiyi pərakəndə satış qiyməti – 1 289,82 manat/ton göstəricisini üstələyir. Hətta pərakəndə ticarət – yəni yanacaq doldurma məntəqələrindən satışa yönəldilən 1 441 manatlıq qiymətdən də yuxarıdır.
95 oktandan aşağı kimi qiymətləndirilən bu avtomobil yanacağı 2024-cü ilin ikinci yarısından etibarən Tarif Şurası tərəfindən 10% bahalaşdırılıb.
Keçən il idxal olunan avtomobil benzininin 54 faizi və ya 141,74 min tonu Rusiyadan, 44 min tonu Belarusdan, 32 min tonu Litvadan və 31 min tonu Rumıniyadan alınıb. Keçən ildən fərqli olaraq, bu il Türkmənistandan idxal aşağı düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycanın neft emalı zavodu 124 min tona qədər Aİ92 benzini istehsal edib və bu öncəki ili 7 faiz üstələyir.