Şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracının 2025-ci ilədək 5 dəfə artacağı gözlənilir.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinə 2018–2025-ci illər ərzində şərabçılıq məhsulları üzrə milli brendlərin yaradılması və müvafiq qaydada qeydiyyatının təmin edilməsi tapşırılıb. Bu müddət ərzində Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları isə şərab turizminin inkişaf etdirilməsini təmin etməlidir.
Qeyd edək ki, Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb. Bunun da 375 min dekalitri ixrac edilib. Ölkəmizdən şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.