2025-ci ilin 01 aprel tarixinə Azərbaycanın dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 138,7 milyon ABŞ dolları məbləğində əsas borc, 82,6 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, ümumi dövlət borcunun 8 milyard 613,9 milyon manatı (5 milyard 067,0 milyon ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18 milyard 1,3 milyon manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşür.
2025-ci ilin 01 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 73,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.
01 aprel 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 067,0 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon ABŞ dolları məbləğində azalmışdır.
Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
01 aprel 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,6 faiz, avro – 6,0 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,5 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,6 faiz.