2025-ci ilin fevral ayında Azərbaycan, səkkiz aylıq fasilədən sonra Qazaxıstandan 26 793 ton xam neft idxal edib. Bu həcmin dəyəri 13.448 milyon ABŞ dolları təşkil edir.
Banker.az xəbər verir ki, əvvəlki alış 2024-cü ilin may ayında 5 789 ton (3.858 milyon dollar) həcmində olmuşdu. Ümumilikdə, 2024-cü ilin fevral və may aylarında Qazaxıstandan 34 593 ton (22.829 milyon dollar) xam neft idxal olunmuşdu.
Qazaxıstan, əsasən, neftini Rusiya üzərindən dünya bazarına çıxarırdı. Lakin 2022-ci ildən başlayaraq Rusiya-Ukrayna münaqişəsi və nəticəsində tətbiq olunan sanksiyalar bu marşrutun etibarlılığını azaldıb. Bu səbəbdən Qazaxıstan alternativ marşrutlar axtarışına başlayıb və Azərbaycan üzərindən nəqli mümkün variant kimi nəzərdən keçirir.
Hazırda Qazaxıstan və Azərbaycan arasında Bakı-Supsa boru kəməri vasitəsilə illik 3 milyon tona qədər neftin nəqli ilə bağlı danışıqlar aparılır. Bu kəmər, Səngəçal terminalından başlayaraq Gürcüstanın Supsa limanına qədər uzanır və ildə təxminən 5 milyon ton neft nəql etmək gücünə malikdir.
Qazaxıstanın Energetika Nazirliyinin məlumatına görə, bu marşrutla neftin nəqli, ölkənin neft ixracını diversifikasiya etmək və Rusiya marşrutlarından asılılığı azaltmaq məqsədi daşıyır.
Bakı-Supsa boru kəməri, 1999-cu ildə istifadəyə verilmiş və uzunluğu 827 km-dir. Kəmərin illik nəqletmə gücü 5,1 milyon ton təşkil edir.