Prezident İlham Əliyev “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Banker.az-ın məlumatına görə, Qaydalara əsasən Azərbaycan Respublikası adından borc alınması dövlət qiymətli kağızlarının daxili və xarici bazarlarda satılması (emissiyası) və kredit vəsaitinin aşağıda göstərilən qaydada cəlb edilməsi yolu ilə, müvafiq büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş yuxarı hədd (limit) çərçivəsində həyata keçirilir.
Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən zəmanətlər Maliyyə Nazirliyi tərəfindən aparılan dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır. Reyestr elektron və kağız daşıyıcılardan istifadə edilməklə aparılır.
Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 3.6-cı bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunmuş anlayışlar “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Azərbaycan Respublikası adından borc alınması
2.1. Azərbaycan Respublikası adından borc alınması dövlət qiymətli kağızlarının daxili və xarici bazarlarda satılması (emissiyası) və kredit vəsaitinin aşağıda göstərilən qaydada cəlb edilməsi yolu ilə, müvafiq büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş yuxarı hədd (limit) çərçivəsində həyata keçirilir:
2.1.1. Azərbaycan Respublikası adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihə (o cümlədən icrada olan layihə üçün əlavə maliyyələşdirmə), həmin layihənin zəruriliyinin, prioritetliyinin, maliyyə dayanıqlığının, ölkənin sosial-iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi məqsədilə aşağıdakı qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – İqtisadiyyat Nazirliyi), surəti isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) təqdim edilir:
1. mərkəzi icra hakimiyyəti orqanları – birbaşa;
2. müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmadığı təqdirdə, dövlət adından yaradılan publik hüquqi şəxslər – birbaşa;
3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət adından yaradılan publik hüquqi şəxslər – müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları vasitəsilə;
4. müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmadığı təqdirdə, payları (səhmləri) 100 faiz dövlətə məxsus olan hüquqi şəxslər – birbaşa;
5. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslər – müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları vasitəsilə;
2.1.2. bu Qaydanın 2.1.1-ci yarımbəndində nəzərdə tutulan təklifə layihənin texniki-iqtisadi əsaslandırılması, borc alınmasının məqsədəuyğunluğunu təsdiqləyən və həmin borcalmanın maliyyə-iqtisadi nəticələrini qiymətləndirən sənədlər əlavə olunur;
2.1.3. İqtisadiyyat Nazirliyi layihənin həyata keçirilməsinin məqsədəuyğunluğu və ya ondan imtina edilməsi barədə əsaslandırılmış rəyini 1 (bir) aydan gec olmayaraq Maliyyə Nazirliyinə və ona müraciət etmiş dövlət orqanına (qurumuna) bildirir;
2.1.4. layihənin həyata keçirilməsini İqtisadiyyat Nazirliyi məqsədəuyğun hesab etdiyi təqdirdə, Maliyyə Nazirliyi 1 (bir) ay müddətində dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq dayanıqlı borc səviyyəsinin təmin edilməsi və müvafiq büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş yuxarı hədd (limit) çərçivəsində layihənin yerli və ya xarici maliyyə-kredit təşkilatlarından borc cəlb etmək hesabına maliyyələşdirilməsi və ya maliyyələşdirilməsindən imtina edilməsi barədə əsaslandırılmış rəyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (bundan sonra – Nazirlər Kabineti) bildirir. Rəyə bu Qaydanın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlər, həmçinin İqtisadiyyat Nazirliyinin müvafiq rəyi əlavə olunur;
2.1.5. layihənin yerli və ya xarici maliyyə-kredit təşkilatlarının vəsaiti hesabına maliyyələşdirilməsini Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi məqsədəuyğun hesab etdikləri təqdirdə, Nazirlər Kabineti sənədlərin təqdim edildiyi tarixdən 1 (bir) ay müddətində layihənin məqbulluğu barədə qərar qəbul edir və həmin layihənin maliyyələşdirilməsi üzrə ilkin şərtlər çərçivəsini razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
2.1.6. Azərbaycan Respublikasının Prezidenti layihənin borc hesabına maliyyələşdirilməsinə razılıq verdikdən sonra Nazirlər Kabineti Maliyyə Nazirliyinə və ya dövlət orqanına (qurumuna) əlverişli şərtlərlə tələb olunan kredit vəsaitinin cəlb edilməsi üçün münasib kredit təşkilatlarının tapılmasına dair göstəriş verir. Maliyyə Nazirliyinin müəyyən etdiyi maliyyə-kredit təşkilatı barədə məlumat Nazirlər Kabinetinə təqdim edilir. Dövlət orqanının (qurumunun) müəyyən etdiyi maliyyə-kredit təşkilatı barədə məlumat isə, Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti təqdim edilmiş kredit təşkilatı ilə danışıqlar aparılmasına razılıq verdikdən sonra Maliyyə Nazirliyinin təyin etdiyi səlahiyyətli nümayəndənin iştirakı ilə və borc almaq niyyətində olan dövlət orqanının (qurumunun) səlahiyyətli nümayəndələri cəlb edilməklə, müvafiq maliyyə-kredit təşkilatı ilə danışıqlar aparılır. Danışıqlar aparılması üçün hüquq, maliyyə və digər sahələr üzrə ixtisaslaşmış yerli və xarici məsləhətçilər cəlb oluna bilərlər;
2.1.7. borc alınmasına dair danışıqların nəticəsi olaraq tərəflərin iştirakı ilə kredit müqaviləsinin layihəsi hazırlanır və 15 (on beş) gün müddətində Maliyyə Nazirliyi müqavilə layihəsini İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırır. Layihədə nəzərdə tutulan məsələlərin mahiyyətindən asılı olaraq, həmin müddət çərçivəsində Maliyyə Nazirliyi müqavilə layihəsinə dair digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyini öyrənir. Razılaşdırılmaq üçün təqdim olunmuş kredit müqaviləsi layihəsinə göstərilən müddət çərçivəsində hər hansı dövlət orqanı (qurumu) münasibət bildirmədikdə, layihə həmin dövlət orqanı (qurumu) ilə razılaşdırılmış hesab olunur. Bundan sonra Maliyyə Nazirliyi müqavilə layihəsini 15 (on beş) gün müddətində ümumiləşdirərək Nazirlər Kabinetinə təqdim edir. Maliyyə-iqtisadi və hüquqi ekspertizaların nəticələri müqavilə layihəsinə əlavə edilir. Dövlət orqanı (qurumu) maliyyə-iqtisadi və hüquqi ekspertizaların keçirilməsi üçün bu sahədə ixtisaslaşmış və nüfuzlu təşkilatların xidmətlərindən istifadə edə bilər;
2.1.8. Nazirlər Kabineti kreditin alınmasına dair danışıqların yekunlaşması barədə Azərbaycan Respublikasının Prezidentinə 5 (beş) gün müddətində məlumat verməklə yanaşı, müvafiq kredit müqaviləsinin layihəsini və həmin kredit müqaviləsinə dair maliyyə-iqtisadi və hüquqi ekspertiza rəyini (rəylərini) də təqdim edir;
2.1.9. təqdim olunmuş kredit müqaviləsinin layihəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında hüquqi ekspertizadan keçirilir və hüquqi ekspertiza rəyi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti kredit müqaviləsinin bağlanmasına razılıq verdikdən sonra, borc alınmasına dair kredit müqaviləsinin imzalanması üçün müvafiq dövlət orqanının (qurumunun) rəhbərinə səlahiyyət verilməsi 5 (beş) gün müddətində Nazirlər Kabinetinin sərəncamı ilə rəsmiləşdirilir;
2.1.10. müvafiq qaydada imzalanmış (bu Qaydanın 5-ci hissəsi nəzərə alınmaqla) borc alınmasına dair kredit müqaviləsini Nazirlər Kabineti təsdiq edir.
2.2. Azərbaycan Respublikası adından daxili və xarici maliyyə bazarlarında yerləşdirilmək üçün dövlət qiymətli kağızlarının buraxılmasını (emissiyasını) dövlət borcunun idarə edilməsi strategiyası, müvafiq büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş dövlət borcunun yuxarı həddi (limiti) gözlənilməklə və maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsi imkanları nəzərə alınmaqla Maliyyə Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikası adından zəmanət verilməsi şərtləri
3.1. Kreditlərin zəmanətlə alınması barədə müraciətlərə baxılması, onların qiymətləndirilməsi və razılaşdırılması bu Qaydanın 2.1.1 – 2.1.6-cı yarımbəndlərinə uyğun olaraq həyata keçirilir. Bu zaman müvafiq büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş dövlət zəmanətinin yuxarı həddi (limiti) nəzərə alınır.
3.2. Kreditin zəmanətlə alınması təklif olunduqda, bu Qaydanın 2.1.2-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə borcalmanın dövlət zəmanəti əsasında həyata keçirilməsinin zəruriliyini və dövlət orqanının (qurumunun) cəlb olunacaq krediti geriqaytarma iqtidarında olmasını əsaslandıran sənədlər də əlavə edilir.
3.3. Borc alınmasına dair danışıqların nəticəsi olaraq tərəflərin iştirakı ilə kredit müqaviləsinin və zəmanət sazişinin layihələri hazırlanır və 15 (on beş) gün müddətində Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılır. Layihədə nəzərdə tutulan məsələlərin mahiyyətindən asılı olaraq, həmin müddət çərçivəsində Maliyyə Nazirliyi kredit müqaviləsinin və zəmanət sazişinin layihələrinə dair digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyini öyrənir. Razılaşdırılmaq üçün təqdim olunmuş kredit müqaviləsinin və zəmanət sazişinin layihələrinə hər hansı dövlət orqanı (qurumu) göstərilən müddət çərçivəsində münasibət bildirmədikdə, layihə həmin dövlət orqanı (qurumu) ilə razılaşdırılmış hesab olunur. Bundan sonra kredit müqaviləsinin və zəmanət sazişinin layihələrini Maliyyə Nazirliyi Nazirlər Kabinetinə təqdim edir. Kredit müqaviləsinin və zəmanət sazişinin layihələrinə maliyyə-iqtisadi və hüquqi ekspertizaların nəticələri də əlavə edilir. Dövlət orqanı (qurumu) maliyyə-iqtisadi və hüquqi ekspertizaların keçirilməsi üçün bu sahədə ixtisaslaşmış və nüfuzlu təşkilatların xidmətlərindən istifadə edə bilər.
3.4. Nazirlər Kabineti kredit müqaviləsinin və zəmanət sazişinin layihələrini bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində göstərilən sənədlərlə birgə 5 (beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
3.5. Təqdim olunmuş kredit müqaviləsinin və zəmanət sazişinin layihələri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında hüquqi ekspertizadan keçirilir və hüquqi ekspertiza rəyi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti kreditin zəmanət əsasında cəlb edilməsinə razılıq verdikdən sonra 5 (beş) gün müddətində Nazirlər Kabineti zəmanətlə alınan kreditlərə dair müqavilənin imzalanması üçün müvafiq dövlət orqanının (qurumunun) rəhbərinə, zəmanət sazişinin imzalanması üçün isə Maliyyə Nazirliyinin rəhbərinə səlahiyyət verir.
3.6. Müvafiq qaydada imzalanmış kredit müqaviləsini və zəmanət sazişini Nazirlər Kabineti təsdiq etdikdən sonra kredit müqaviləsi və zəmanət sazişi qüvvəyə minir.
4. Azərbaycan Respublikasının borc öhdəlikləri,
zəmanətin reyestri və hesabatı
4.1. Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən zəmanətlər Maliyyə Nazirliyi tərəfindən aparılan dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır. Reyestr elektron və kağız daşıyıcılardan istifadə edilməklə aparılır.
4.2. Azərbaycan Respublikası adından alınmış borc və verilmiş zəmanət üzrə öhdəliyi olan dövlət orqanları (qurumları) Maliyyə Nazirliyinə həmin Nazirliyin müəyyən etdiyi formalarda aylıq əsasda kredit vəsaitinin istifadəsi və geri qaytarılması (əsas borc, faiz borcu və digər haqlar üzrə ödənişlər), layihə çərçivəsində müəyyən edildiyi halda, Azərbaycan tərəfinin iştirak payının istifadəsi və dövlət büdcəsi qarşısında yaranmış öhdəliklərin icrası barədə hesabat təqdim edirlər.
5. Yekun müddəalar
5.1. Borc alınmasına və zəmanət verilməsinə dair müqavilədə (sazişdə) Azərbaycan Respublikasının qanunları ilə və ya Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutulduğu halda, bu zərurət Nazirlər Kabineti müqaviləni (sazişi) Azərbaycan Respublikasının Prezidentinə təqdim edərkən maliyyə-iqtisadi və hüquqi cəhətdən əlavə olaraq əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Azərbaycan Respublikasının qanunları ilə və ya Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutan borc alınmasına və zəmanət verilməsinə dair müqavilə (saziş) layihəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında hüquqi ekspertizadan keçirilir və həmin hüquqi ekspertiza rəyi layihəyə əlavə edilir.
5.2. Borc alınmasına və zəmanət verilməsinə dair müqavilədə (sazişdə) Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutularsa, Azərbaycan Respublikasının Prezidenti həmin müqaviləni (sazişi) təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.
5.3. Borc alınmasına və zəmanət verilməsinə dair müqavilələrdə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutularsa, həmin müqavilələri Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
5.4. Nazirlər Kabineti alınan borc vəsaitindən səmərəli və məqsədyönlü istifadə olunması barədə ildə bir dəfədən az olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. Kredit müqaviləsi bir ildən az müddətə bağlanarsa, bu məlumat kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə bir ay qalmış təqdim edilir.