“Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında qeyri-neft sektoru üzrə illik ticarət dövriyyəsinin dəyərini 5 milyard ABŞ dollarına çatdırmaq hədəflənir”.
Bunu Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masasının fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Tural Hacılı deyib.
“Aİ Azərbaycan üçün strateji tərəfdaşıdır və ölkəmiz Aİ ölkələrinə ixracını genişləndirmək istəyir”, – deyə o, qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin dəyəri 18 milyard 331 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2.2 % çoxdur. Hesabat dövründə Azərbaycanın Aİ-na ixracının dəyəri 16 milyard 922.8 milyon ABŞ dolları (2.4 dəfə çox, xüsusi çəkisi 64.5 %), Aİ-dan idxalının dəyəri isə 1 milyard 408.2 milyon ABŞ dolları (3.1 % az, xüsusi çəkisi 15.9 %) təşkil edib.