Azərbaycan iqtisadiyyatında şəffaflığı artırmaq, qeyri-dövlət maliyyə nəzarətinin səviyyəsini yüksəltmək, auditdə rəqəmsallaşmanı geniş tətbiq etmək üçün Pakistanın təcrübəsindən istifadə ediləcək.
Bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov palata ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.
“Hər iki qurum arasındakı əməkdaşlıq iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, dövlət və qeyri-dövlət nəzarətinin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə geniş imkanlar yaradacaqdır”, – deyə o qeyd edib.
V. Novruzov pakistanlı həmkarlarının da auditin innovativ inkişafı, kölgə iqtisadiyyatına qarşı mübarizə və auditdə rəqəmsallaşmanın tətbiqi sahəsində Azərbaycanın əldə etdiyi nəticələrdən bəhrələnə biləcəklərindən ümidvar olduğunu bildirib.