Azərbaycan Avropa, Asiya və Körfəz ölkələrinə zəli ixrac edə bilər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalında tibbi zəli istehsalı ilə məşğul olan yerli müəssisə nümayəndəsi ilə görüş keçirilib.

Görüşün əsas mövzusu beynəlxalq bazarlarda artan tələbat fonunda Azərbaycan istehsalı olan zəli məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qlobal bazardakı mövcud potensial və atılacaq birgə addımlar olub.

“Azexport”un rəhbəri Ayxan Qədəşov sahibkar Şaiq Qasımovla görüşündə son illər qlobal bazarda tibbi zəliyə və təbii müalicə vasitələrinə marağın kəskin artdığı, bunun da yerli istehsalçılar üçün yeni bazarlara çıxış imkanı yaratdığı bildirilib.

Görüşdə iştirak edən müəssisə rəhbəri Ş. Qasımov yetişdirilən zəlilərin ekoloji təmizliyinə və tibbi keyfiyyət göstəricilərinə görə beynəlxalq standartlara tam cavab verdiyi, həmçinin istehsal həcmini artırmaq üçün yetərli potensialın olduğunu diqqətə çatdırıb. Görüşdə bu kateqoriyadan olan məhsullar istehsal edən sahibkarların xarici bazarlara inteqrasiyasını təmin etmək üçün beynəlxalq sertifikatların alınması, gömrük prosedurlarının düzgün idarə olunması və idxalçı ölkələrin tələblərinə uyğunlaşma prosesində birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.

Müzakirələrin yekunu olaraq, Azərbaycanda istehsal olunan zəli məhsullarının yüksək alıcılıq qabiliyyətinə malik Avropa, Körfəz və Asiya ölkələrinə ixracının təşkili məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi qərara alınıb.

“Azexport”un xidmətlərinə görə ödəniş və yaxud satışlardan komissiya nəzərdə tutulmayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər