Azərbaycan daha çox aqrar məhsullarını Avropa İttifaqı ölkələrinin bazarlarına çıxara bilər.
Bunu bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.
O qeyd edib ki, Aİ nümayəndəliyi Azərbaycanda dövlət qurumları ilə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə, özəl sektorla əməkdaşlıq edərək ölkənin kənd təsərrüfatını gücləndirməyə çalışır: “Bu da Azərbaycan iqtisadiyyatının diversifikasiyası baxımından çox önəmlidir”.
Səfir bildirib ki, bu layihə məsləhət xidmətləri vasitəsilə aqroturizmi, aqrobiznesi, ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirinin yaradılmasını və inkişafını nəzərdə tutur: “Bu layihə kiçik fermerlərə köməklik göstərir ki, onlar gəlir mənbələrini diversifikasiya etsinlər. Layihə eyni zamanda, aqroturizm və ərzaq məhsulları üzrə dəyər zəncirinin artırılmasına kömək göstərir. Əməkdaşlığımız sayəsində vətəndaş cəmiyyəti üzrə qurumlarla işləyir, aqroturizm sahəsinə töhfəmizi veririk”.