2022-ci ildə Azərbaycan xaricə 6 min tondan çox çiyələk satıb. Bu il təxminən 7 min ton çiyələyin ixrac olunacağı proqnozlaşdırılıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev “vergiler.az”a müsahibəsində deyib.
Sədrin verdiyi məlumata əsasən, məhsullar istixanalarda yetişdirildiyindən, aprelin əvvəlindən daxili və xarici bazarlara çiyələk çıxarılır. Oktyabr-noyabr aylarınadək istehsal və ixrac prosesləri davam edir. Azərbaycanda çiyələyin kütləvi istehsalına 2011-2012-ci illərdən, ixracına isə 2017-ci ildən başlanılıb. 2017-ci ildə 500 tona yaxın çiyələk ixrac edilsə də, 2018-ci ildə bu göstərici 1000-1500 ton, 2019-cu ildə təqribən 2500 ton, 2020-ci ildə 3000-3500 ton, 2021-ci ildə isə 4900-5500 tona yüksəlib. Bu il ixrac edilən çiyələyin həcmi artıq 6000 tonu keçib. Əsas ixrac bazarımız Rusiyadır, müəyyən hissəsi isə Qazaxıstana, ərəb ölkələrinə göndərilir. Gələn il Avropa ölkələrinə də məhsul ixrac etmək, eyni zamanda ərəb ölkələrinə ixracın həcmini artırmaq planlaşdırırılır.
Tələbata uyğun olaraq, yerli bazara hər il təqribən 40-45 min ton çiyələk, 65-70 min ton gilas çıxarılır ki, bu da təxminən 90-95 faiz təminat deməkdir. Əvvəl Azərbaycana Türkiyədən daha çox həcmdə çiyələk gətirilirdi, ölkəmizdə giləmeyvələrin əkin sahələri artdığı üçün idxal edilən məhsulun həcmi azaldı. Son illərdə Türkiyədən cəmi 100-150 ton çiyələk gətirilir.