Yaxın zamanda Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində deyib.
Onun sözlərinə görə, Azərbaycanın qida sektorundakı müəssisələri beynəlxalq standartlara uyğunluq üzərində çalışırlar ki, bu da öz növbəsində Azərbaycan məhsullarının ixracının artırılmasına səbəb olur.
“Hüquqi nöqteyi-nəzərdən ixrac prosedurlarının və xarici bazarlara çıxış üçün tələblərin sadələşdirilməsi üzrə işlər görülür”, – o deyib.
Q.Təhməzli həmçinin Azərbaycanın heyvandarlıq məhsullarının ixracı sahəsində də irəliləyişə nail olduğunu qeyd edib.
“Yaxın zamanda Aİ bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir”, – o deyib.
Agentlik sədri kənd təsərrüfatı sahəsində agentlik və sahibkarların istehsal olunan məhsulların təhlükəsizliyi və ixracının təmin edilməsi istiqamətində çalışdığını əlavə edib.