Azərbaycanın fındıq istehsalçısı “Aqrarco” MMC bu il Avropa bazarına bu məhsulun ixracında 15%-dək artımın olacağını gözləyir. Bunu şirkətin baş icraçı direktoru Cavid Kazımov deyib.
Onun sözlərinə görə, ötən mövsümdə şirkət 5,5 min tona yaxın fındıq ixrac edib.
“Məhsullar əsasən İtaliya bazarına çıxarılır. Ötən il bu ölkəyə 3 min tondan bir qədər çox məhsul ixrac edilib. Almaniya, Avstriya və Fransaya da fındıq tədarük edilir”, – deyə Cavid Kazımov qeyd edib.
Bu sahədə mövcud problemlərə toxunaraq, şirkətin baş icraçı direktoru onların əsasən pandemiya və regionda hərbi əməliyyatlarla bağlı olduğunu bildirib.
“Son dövrlərdə ən böyük zərərə Şanxaydakı karantin səbəb oldu. Bildiyiniz kimi, Çində bəzi şəhərlər yenidən qapanır ki, bu da bir sıra digər məsələlərlə yanaşı, malların göndərilməsi qiymətlərinə də çox təsir edir. Bu səbəbdən daşımaların qiyməti demək olar ki, iki dəfə artıb”- deyə Cavid Kazımov qeyd edib.
Cavid Kazımovun sözlərinə görə, digər vacib məqam, fındıq məhsulunun saxlanma qaydalarına xüsusi diqqət yetirilməsi ilə bağlıdır. “Belə ki, məhsulun düzgün saxlanmaması səbəbindən aflotoksin yaranır. Biz bu istiqamətdə laboratoriyalarla əməkdaşlıq edirik və analizlər aparırıq. Bunun sayəsində mallarda bu komponentin aşkarlanmasının mümkün qədər aşağı olmasına nail ola bilmişik”- deyə Cavid Kazımov əlavə edib.