15 C
Baku
Thursday, November 20, 2025

Azərbaycan avtomobil bazarında etibarsızlıq dalğası: Alıcı davranışları necə dəyişir?

Son aylar Azərbaycanda avtomobil bazarında həm qiymət artımı, həm də psixoloji gərginlik hiss olunur.

Bunu “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, alıcı davranışlarında tərəddüd, satıcılarda isə qeyri-müəyyən gözləntilər formalaşıb.

“Vergi Məcəlləsində 2026-cı ildən hibrid və elektrik avtomobilləri üçün yeni qaydaların tətbiq olunub-olunmayacağı barədə rəsmi açıqlamanın hələ verilməməsi də bazara təzyiqi artıran əsas amillərdən biridir. Rəsmi dilerlər qiymətləri sabit saxlayır, qeyri-rəsmi bazarın iştirakçıları isə qiymətləri süni şəkildə artırır. Hazırda onların arasında 1 500–2 000 manat qiymət fərqi müşahidə olunur. Amma qeyri-rəsmi satıcıların böyük hissəsinin əlində real avtomobil yoxdur. “Maşın yoldadır, ilin sonuna çatacaq” kimi vədlər verilir”, – deyə AADA sədri qeyd edib.

Onun sözlərinə görə, bu, son illərdə ən çox rast gəlinən bazar manipulyasiyalarından biridir: “Satıcılar mövcud avtomobil çatışmazlığından istifadə edərək süni gözlənti yaradır, qiymətləri artırır və alıcının psixologiyasına təsir etməyə çalışırlar. Xüsusilə son aylarda alıcıların şəxsi vəsait itkiləri ilə bağlı şikayətləri artıb. Odur ki, vətəndaşlar hər kəsdən maşın almağa tələsməsinlər. Pulların alınması, avtomobilin isə gecikdirilməsi halları çoxalıb. İndiki vəziyyətdə ən böyük risk – etibarsız mənbələrdən alış-verişdir”.

Ekspert həmçinin bildirib ki, bazarda tərəddüdün ən ciddi səbəbi etibarsızlıqdır: “İnsanlar daha ucuz avtomobil almaq üçün qeyri-rəsmi satıcılara yönəlir, lakin nəticədə həm pul, həm də vaxt itkisi ilə qarşılaşırlar”.

Onun fikrincə, elektrik avtomobillərinə ƏDV tətbiqi edilməsi düzgün qərar olmazdı: “Çünki hibrid maşınların qiyməti qalxarsa, insanlar elektrikli avtomobilləri seçəcəklər. Amma bu avtomobillərin ölkəyə gətirilməsi hələ də azdır. Vergi güzəştləri elektrik və hibrid avtomobillərinə keçidin əsas motivasiya mexanizmidir. Bu stimulu zəiflətmək bazarı yenidən benzinlə çalışan köhnə avtomobillərin ixtiyarına qaytara bilər”.

E. Əliyevin sözlərinə görə, ölkədə elektrik avtomobilləri üçün infrastruktur genişlənməkdədir: “Bakı, regionlar və işğaldan azad edilmiş ərazilərdə yeni şarj məntəqələrinin açılması bu prosesin davamlı olduğunu göstərir. Elektrik avtomobillərinin sayı az olsa da, həm dövlət, həm də özəl sektor şarj stansiyalarının artırılması üçün ciddi addımlar atır. Lakin qiymət artımı bu marağı ciddi şəkildə azalda bilər. Güzəştlərin ləğvi və qiymət artımı bazarda köhnə ikinci əl avtomobillərin yenidən kütləvi şəkildə üstünlük qazanmasına səbəb ola bilər. Çünki, vergi olsa elektrik və hibrid maşınlara tələb azalacaq. Nəticədə bazar yenidən köhnə ikinci əl avtomobillərin “at oynatdığı” dövrə qayıda bilər. Bu, həm ekoloji, həm də texniki baxımdan geriyə addım olardı. Çünki ikinci əl avtomobillərin əksəriyyəti həm yüksək yanacaq sərfiyyatına, həm də əlavə ekoloji yüklənməyə səbəb olur”.

E. Əliyev Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: Milli Prioritetlər” sənədinin ölkənin yaşıl nəqliyyat modelinə keçidini prioritet elan etdiyini xatırladır: “Milli prioritetlərin 5-ci bəndi – “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” – elektrik avtomobillərinə güzəştlərin davam etməsini zəruri edir. Güzəştlər həm dövlət siyasətinə uyğundur, həm də vətəndaşların ekoloji nəqliyyata marağını artırır”.

O, əlavə edib ki, bu mərhələdə atılacaq addımlar həm ekoloji siyasətə, həm bazar tarazlığına, həm də istehlakçı davranışlarına uzunmüddətli təsir göstərəcək: “Güzəştlərin davam etdirilməsi, rəsmi dilerlərin dəstəklənməsi və qeyri-rəsmi bazarın nəzarətə götürülməsi sektoru sabitləşdirmək üçün zəruri görünür”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər