Azərbaycanın 2016-cı il tədiyyə balansı 539,235 mln. ABŞ dolları həcmində kəsirlə tamamlanmasının əsas səbəbi 3 625,857 mln. dollar həcmində balanslaşdırıcı maddələrlə bağlı olub. Analitika qrupu bildirir ki, balanslaşdırıcı maddələrin həcmi tarixi maksimal həddə çatıb. Yəni, ölkəyə mənbəyi məlum olmayan vəsaitlər daxil olub. Balanslaşdırıcı maddələr – statistik məlumat kimi tədiyyə balansının komponentlərində öz əksini tapmayan əməliyyatların nəticəsidir. Praktikada heç bir ölkənin tədiyyə balansının tərtibatında bu maddənin “0”-a enməsinə nail olmaq mümkün deyil.
Analitik qrup bildirir ki, balanslaşdırıcı maddələr əsasən rezidentlərin xarici banklardakı hesabları, Azərbaycanın xarici bayraqlar altında üzən gəmiləri və ya turizm gəlirlərlə bağlı ola bilər: “Lakin 3,6 mlrd. dollar həddindən böyük rəqəmdir. Bu qədər vəsaitin yuxarıda sadalanan amillər əsasında formalaşması real deyil. Balanslaşdırıcı maddələr yerli banklara kredit borcu olan iş adamlarının ödənişləri əsasında da formalaşa bilər”,
Qeyd edək ki, 2014-cü ilin tədiyyə balansında balanslaşdırıcı maddələr 2,811 mlrd. dollar, 2015-ci ildə 2,037 mlrd. dollar kapitalın ölkədən çıxdığını, əksinə, 2016-cı ildə isə 3,6 mlrd. dolların ölkəyə daxil olduğunu göstərir. Reportun analitik qrupu 2017-ci ilin tədiyyə balansında balanslaşdırıcı maddələrin azalacağını, nəticədə, mənfi saldonun arta biləcəyini ehtimal edir: “Lakin, ilin əvvəlindən yüksək olan neft qiymətləri ölkəyə valyuta axınını gücləndirdiyindən, tədiyyə balansının müsbət dinamikasını sürdürəcəyi gözlənilir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, neft qiymətlərinin azalması tədiyyə balansına təzyiqləri davam etdirə bilər. Belə bir vəziyyətlə qarşılaşılmamaq üçün turizm gəlirlərinin artırılmasına ehtiyac var. Xarici maliyyə qurumları 2017-ci ildə Azərbaycanın turizm gəlirlərinin 2 dəfə artaraq 5 mlrd. dollara çatacağını proqnozlaşdırır”.