2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan bank sektorunun xalis mənfəəti 36,3 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır.
“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Bu ilin birinci yarısında faiz gəlirləri illik müqayisədə 16% azalaraq 843,3 mln. manat, faiz xərcləri 38% azalaraq 299,0 mln. manata enib. Faiz gəlirinin 584,3 mln. manatını kreditlər üzrə faizlər, faiz xərclərinin isə 189,8 mln. manatını depozitlər üzrə faiz xərcləri təşkil edib. Birinci yarımildə qeyri-faiz gəlirləri 249,5 mln. manat, qeyri-faiz xərcləri 485,1 mln. manat təşkil edib. Bu da öz növbəsində illik müqayisədə müvafiq olaraq 46% və 2% çoxdur. Nəticədə bank sektorunun əməliyyat mənfəəti 308,6 mln. manat təşkil edib. Bundan isə 258,4 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Bildirək ki, vergi ödənilənədək mənfəət 51,3 mln. manat olub.