Azərbaycan Banklar Assosiasiyası 13 mart tarixində mətbuatda valyuta mübadiləsi əməliyyatları ilə əlaqədar möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, bank sektorunda çalışmayan bir neçə şəxs qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd şəkildə valyuta mübadiləsi fəaliyyəti həyata keçirmiş və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurub.
Azərbaycan Bankar Assosiasiyasına üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq belə həssas məqamda intesiv şəkildə fəaliyyət göstərir, elan olunmuş pandemiya və neft qiymətlərinin kəskin enməsi fonunda xarici valyutaya yaranmış tələbat ödənilməsi məqsədilə bütün qüvvələrini səfərbər edərək Azərbaycan Respublikası vətəndaşlarına yüksək xidmət göstərmək üçün səylərini əsirgəmirlər.
Təəssüf ki, bəzi möhtəkirlər şəxsi maraqlarını üstün tutaraq Azərbaycan qanunvericiliyinə, ölkənin iqtisadiyatına və xalqın mənafeyinə zidd, eləcə də mənəviyyatdan uzaq olan belə hərəkətlərə yol verərək, görülən bütün bu işlərə və səylərə kölgə salırlar.
Azərbaycan Bankar Assosiasiyasının üzvləri bu kimi hərəkətləri yolverilməz hesab edir və şiddətlə qınayır, müvafiq dövlət orqanlarının və ictimaiyyətin birbaşa istirakı ilə bu cür qanunazidd hallarla mübarizəyə hazır olduğunu bildirir.