2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyətdə olan banklar 267.9 mln. manat xalis mənfəət, 392 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinad edir.
2022-ci ilin I rübü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 42% artmışdır.
Bankların 1 aprel 2023-cü il tarixinə cəmi aktivləri 44 milyard 843.2 mln. manat, cəmi öhdəlikləri 38 milyard 993.9 mln. manat, balans kapitalı isə 5 milyard 849.3 mln. manat olub.
Mart ayında bankların kredit portfeli 1.4% və ya 281.2 mln. manat artaraq 20 milyard 38.6 mln. manat olmuşdur.
Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.8% (10 milyard 971.4 mln. manat), ıı) istehlak kreditləri – 29.7% (5 milyard 942.4 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3,124.8 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.9%-i və ya 31,933.2 mln. manat).
Depozit portfelinin 63.3%-i (20,213.7 mln. manat) hüquqi şəxslərin, 36.7%-i (11,719.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 0.6% və ya 65.5 mln. manat artmışdır. Əmanət portfelinin 53.9%-i (6,311.4 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,319.7 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.7%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması mart ayında ilin əvvəlinə nəzərən 1 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.1 faiz bəndi azalaraq 38.2% təşkil etmişdir