Son zamanlar Azərbaycanın bir sıra banklarında baş verən dəyişikliklər bank sektoru üçün müsbət haldır. Bunu Trend-ə “Unibank” ASC-nin icraçı direktoru Cəlal Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycandakı banklar getdikcə daha texnoloji və rəqabətə davamlı olurlar ki, bu da yeni kadrlara tələbatın artmasına xidmət edir.
C.Qasımov qeyd edib: “Banklarımızın nə qədər müştəriyə xidmət etdiyini nəzərə alsaq, görərik ki, bu sektorda rəqabət çox yüksəkdir. Bank servisləri əhalinin tələbatıdır və nəticədə banklar innovativ məhsullar tətbiq etməyə başlayırlar”.
Onun fikrincə, innovasiyalar xidmətlərin maya dəyərinin azaldılması üçün lazımdır: “Rəqabət artanda sənin məhsulunun qiyməti aşağı düşür. Müvafiq olaraq, marjanı yüksəltmək üçün öz xərclərini azaltmaq lazımdır. Və yeni texnologiyaların tətbiqi gənc kadrları idarəçiliyə gətirməyə vadar edir. Çünki insan yaşca nə qədər böyük olarsa, innovasiyalara bir o qədər açıq olur. Ümumilikdə bank sektorumuzun hara hərəkət etdiyini nəzərə alsaq, yeni kadrların ortaya çıxması çox düzgündür”.
Bankın icraçı direktoru əlavə edib ki, ölkənin bir çox banklarında rəhbərlik uzun müddətdir dəyişməyib: “Bu il ölkənin bank sektorunda rəqabət çox güclənib, ən azı istehlak kreditləşməsi sahəsində rəqabət əvvəlkindən bir neçə dəfə yüksəkdir. Bu, daha iddialı, çevik, açıqfikirli insanlara tələbat yaradır. Ola bilsin ki, məhz buna görə banklarda top-menecerlər, eləcə də orta səviyyəli menecerlər səviyyəsində müəyyən dəyişikliklər baş verir”.
Son zamanlar rəhbərlik dəyişikliyinin baş verdiyi banklar arasında aşağıdakı bankların adlarını çəkmək olar: “Azərbaycan Kredit Bankı” ASC, “Bank of Azerbaijan” ASC, “AzerTurkbank” ASC, “Bank Technique” ASC və s.
Trend