Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla məcmu bank depozitlərinin həcmi 2016-cı il mayın 1-nə 22 558,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) verdiyi xəbərə görə, depozitlərin həcmi aprelin 1-nə nisbətən 563,5 mln. manat və ya 2,43% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 727 mln. manat və ya 19,79% artıb.
Manatla depozitlərin həcmi bir ayda 66,7 mln. manat və ya 1,5%, illik müqayisədə 672,6 mln. manat və ya 13,43% azalaraq 4 334,5 mln. manata düşüb. O cümlədən, müddətsiz depozitlər son bir ayda 103,9 mln. manat və ya 4,98%, illik nisbətdə 230,4 mln. manat və ya 11,76% artaraq 2 189 mln. manata, müddətli depozitlər isə son bir ayda 170,6 mln. manat və ya 7,36%, illik müqayisədə 903 mln. manat və ya 29,62% azalaraq 2 145,5 mln. manata enib.
Xarici valyutada olan depozitlərin həcmi isə apreldə 497 mln. manat və ya 2,65% azalaraq, ötən ilin analoji dövrünə nisbətən isə 4 399,5 mln. manat və ya 31,82% artaraq 18 223,5 mln. manat təşkil edib. Xarici valyutada müddətsiz depozitlərin həcmi son bir ayda 65,1 mln. manat və ya 1,16% azalaraq, illik müqayisədə 2 399,2 mln. manat və ya 77,13% artaraq 5 509,7 mln. manata, müddətli depozitlər isə 431,9 mln. manat və ya 3,28% azalaraq, illik nisbətdə 2 000,3 mln. manat və ya 18,67% artaraq 12 713,8 mln. manata çatıb.
“Valyutada olan depozitlərin həcminin azalması apreldə Azərbaycanda dolların məzənnəsinin düşməsi ilə izah olunur. Əhalinin gəlirlərinin azalması fonunda manatla depozit portfelinin getdikcə azalacağı, dolların məzənnəsinin ilin sonuna qədər artması ilə dollar depozitlərinin yenidən yüksəlməsi ehtimal edilir”, – deyə “Report”un analitikləri qeyd ediblər.
Report