Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 44 milyard 660.7 mln. manat, cəmi öhdəlikləri 39 milyard 230.7 mln. manat, balans kapitalı 5 milyard 430 mln. manat olub.
Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.
2022-ci ilin oktyabr ayında bankların cəmi aktivləri və balans kapitalı 2.4%, cəmi öhdəlikləri müvafiq olaraq 2.5% artıb.
Bankların kredit portfeli oktyabr ayında 1.6% (313.6 mln. manat) artaraq 19 milyard 470.8 mln. manat olub. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56% (10 milyard 912.6 mln. manat) təşkil edib.
Ümumilikdə, cari ilin 10 ayında bankların kredit portfeli 16.9% və ya 2 milyard 811.7 mln. manat artmışdır. Biznes portfelinin 10.3%-i və ya 1 milyard 120.1 mln. manatı dövlət fondları hesabına verilib.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.2% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1.8 faiz bəndi azalıb.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.1%-i və ya 32 milyard 192.1 mln. manat. Depozit portfeli oktyabr ayında 2.6% (818.4 mln. manat) artıb. Depozit portfelinin 65%-ni hüquqi şəxslərin depozitləri, 35%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 2.4% (263.6 mln. manat) artaraq 11 milyard 256.6 mln. manat təşkil etmişdir. Əmanət portfelinin 53.1%-i (5 milyard 974 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 485.3 mln. manat olmaqla (ay ərzində artım 2.7% və ya 493 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (20,935.5 mln. manat) 88.3%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki aya nəzərən 0.6 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.6 faiz bəndi azalaraq 38.6% təşkil etmişdir.
2022-ci ilin 10 ayında banklar 769.9 mln. manat xalis mənfəət, 1 milyard 116.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edilib. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 178 mln. manat məbləğində mənfəət vergisi ödənilib.