10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan etdi®

İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar və tələbə-magistrlər üçün təcrübə proqramına başlayıb. Bankçılıq fəaliyyətinə marağı olan gənclər bu proqramda iştirak edərək həm faydalı bilik və bacarıqlar qazana, həm də təcrübə müddətində yüksək nailiyyət göstərib Azərbaycan Beynəlxalq Bankında işə qəbul oluna bilərlər. 

Ali məktəblərdən 2018, 2019, 2020–ci illərdə məzun olan, yaxud magistratura pilləsində təhsil alan hər bir şəxsə seçim prosedurlarından keçərək proqramda iştirak imkanı yaradılıb. 

Proqrama qəbul onlayn qaydada aparılır. İştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçməlidirlər. İlkin seçim zamanı Bankın fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcək. Qəbul tələblərinə uyğun gələn namizədlər əvvəlcə IQ testindən, keçid balını topladıqları təqdirdə isə xarakter testindən keçəcəklər. Müsahibə mərhələsində də uğur qazanmış bütün namizədlər proqramda iştirak edəcəklər.      

Təcrübə proqramının müddəti 4 aydır. Bu müddətdə iştirakçılar real iş mühiti ilə tanış olacaqlar. Bank əməkdaşlarının rəhbərliyi altında çalışaraq praktik biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlərdə iştirak edə biləcəklər. İştirakçılara müəyyən məbləğdə aylıq ödəniş də nəzərdə tutulub.

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “Azərbaycan Beynəlxalq Bankı istedadların yetişdirilməsini və onların inkişafının dəstəklənməsini əsas missiyalarından biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçiririk. Təcrübə proqramımız da, gənclərin peşəkar bacarıqlara yiyələnməsinə, uğurlu karyera  qura bilməsinə faydalı olacaq”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər