Azərbaycanda bank sektorunun ən böyük bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC 2021-ci ilin ilk rübündə 32.4 milyon manat xalis mənfəət etdiyini açıqladı.
Banker.az bu barədə bankın 2021-ci ilin ilk rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə ABB-nin faiz gəlirlərinin həcmi 106.16 milyon manat (illik müqayisə: +0.4%), faiz xərclərinin həcmi 67.31 milyon manat (+11.5%), qeyri-faiz gəlirlərinin həcmi 30.07 milyon manat (-9.5%) və qeyri-faiz xərclərinin həcmi isə 45.61 milyon manat (+18.4%) olmuşdur. Nəticədə, bankın əməliyyatı 63.91 milyon manat mənfəətlə tamamlanıb.
İlin ilk rübündə problemli aktivlər üzrə ehtiyatlara ayırmanın həcmi 22.51 milyon manat olub ki, bu da mənfəəti 41.4 milyon manata qədər azaldıb. Buradan isə 9 milyon manat mənfəət (gəlir) vergisi ödəyib ki, beləliklə, xalis mənfəət 32.4 milyon manat təşkil edib.
Bu xalis mənfəətdən sonra ABB-nin bölüşdürülməmiş mənfəətinin həcmi 11.9 milyon manata yüksəlib. Hazırda bankın cəmi kapitalının həcmi 1 milyard 366.64 milyon manat üzərindədir.
BANK KREDİT, DEPOZİTLƏR VƏ QİYMƏTLİ KAĞIZLARLA BÖYÜDÜ
Beynəlxalq Bank 2021-ci ilin ilk rübündə müştərilərə veridiyi kredit portfelinin həcmini 2.1% böyütməklə 2 milyon 663.31 milyon manata, bank və digər maliyyə institutlarına yatırdığı depozitlərin həcmini 6.8% artımla 2 milyard 654.9 milyon manata, eləcə də həmin qrumlara verdiyi kreditlərin həcmi 7% artımla 1 milyard 357.4 milyon manat olub.
Bankın cəmi aktivlərinin həcmi 9 milyard 155.62 milyon manata qədər yüksəlməklə tarixi rekord yeniləyib.
ABB-nin cəmi öhdəliklərinin həcmi 7 milyard 788.98 milyon manat olmaqla, bunun 5 milyard 703.15 milyon manatı müştərilərin depozitləri, 1 milyard 619.05 milyon manatı borc qiymətli kağızları, 115 milyon manatı AMB və digər dövlət fondları qarşısındakı öhdəliyi olmuşdur.