-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan beynəlxalq kredit reytinqini qorudu

Yanvarın 30-da “Standard ənd Purz” (Standard and Poor’s) reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində “BBB-” saxladığını təsdiq edib.

Maliyyə nazirliyindən verilən məlumata görə, aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz”un yayımladığı hesabatda, reytinqin təsdiq edilməsi Azərbaycanın çox möhkəm fiskal və xarici mövqeyə (aktivlərə) sahib ölkə kimi xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılıb. Agentliyin press-relizində qeyd olunur ki, dünya bazarlarında neft qiymətinin kəskin aşağı enməsinə baxmayaraq, Azərbaycan növbəti illər ərzində də möhkəm xarici mövqeyini qoruyacaq. Karbohidrogen ehtiyatları satışının böyük payı olduğu cari əməliyyatlar (current account) hesabında azalma ehtimalı olsa da, o nəticə etibarilə müsbət səviyyədə qalacaqdır.  Orta müddətdə neft hasilatının sabitləşməsi ərəfəsində, Cənub Qaz Dəhlizi boru kəmərinin və Şahdəniz II qaz yatağının işə salınması iqtisadi inkişafı və xarici valyuta gəlirlərinin artımını təmin edəcək.

Eyni zamanda, reytinq üzrə proqnoz sabit səviyyədən mənfiyə endirilib. Reytinq agentliyi bunu dünyada neft qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici mövqeyinin, qabaqlayıcı tədbirlər atılmayacağı təqdirdə, mümkün zəifləməsinə gətirib çıxara biləcəyi ilə izah edir. Bu gün Avropa və bir sıra digər ölkələrdə davam edən maliyyə və iqtisadi tənəzzül, habelə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq “Standard ənd Purz” tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB-”da saxlaması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.

Eyni zamanda, Azərbaycan MDB məkanında “Standard ənd Purz”un investisiya kredit reytinqini qorumuş iki ölkədən biri olaraq qalır. Bundan başqa ölkəmiz “Mudız” (Moody’s) və “Fic Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliklərindən investisiya səviyyəli kredit reytinqlərinə malikdir.

Son xəbərlər
Digər xəbərlər