18-23 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi 15-ci Dubay Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfransda 70-dən artıq ölkəni, eyni zamanda müxtəlif beynəlxalq təşkilatları təmsil edən 3000-dən çox nümayəndə iştirak edib. 90-dan artıq təlimçinin qida təhlükəsizliyi ilə bağlı təqdimatlarla çıxış etdiyi konfransda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları da iştirak edib.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Davamlı qida təhlükəsizliyi sistemi üçün innovativ həllər” sloqanı ilə keçirilən konfransda qida istehsalında nanotexnologiyaların istifadəsi, təsdiqini tapmış elmi yanaşmalar vasitəsilə qida təhlükəsizliyinin inkişaf etdirilməsi, qida təhlükəsizliyinin idarəetmə sistemləri, emal olunmuş qida məhsullarında müasir texnologiyaların tətbiqi kimi yeni tendensiyalar, qurumlararası əməkdaşlıq imkanları və bir çox əlaqədar məsələlər üzrə müzakirələr aparılıb.
Həmçinin konfrans çərçivəsində qida çirkləndiricilərinin analizi üçün yenilikçi laborator müayinələr, eləcə də qida təhlükəsizliyi, izlənilmə sistemi, məlumatların və risklərin təhlilini ölçəbilən müasir tətbiq və platformalar nümayiş olunub.