23 C
Baku
Monday, September 16, 2024

Azərbaycan birinci yarımillikdə Türkiyəyə qaz ixracını 16% artırıb

Azərbaycan 2023-cü ilin birinci yarısında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 5 milyard 180.66 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 16.4% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

2023-cü ilin iyun ayında Azərbaycandan Türkiyəyə 743.68 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.95% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 31.9%-i Azərbaycanın payına düşüb.

Azərbaycan iyunda Türkiyəyə qaz ixracının həcminə görə birinci pillədə qərarlaşıb. İkinci pillədə 30.3%-lə Rusiya, üçüncü pillədə 18%-lə İran, dördüncü pillədə 15.8%-lə Əlcəzair yer alıb.

İyunda Türkiyəyə 2 milyard 332.42 milyon kubmetr qaz (2022-ci ilin iyun ayı ilə müqayisədə azalma 39.2%) ixrac edilib. 1 milyard 870.38 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 80.19%-i, azalma 42.88%), 462.04 milyon kubmetr (bütün ixracın 19.81%-i, azalma 17.76%) isə LNG-nin payına düşüb.

İyunda Türkiyəyə qaz ixracı 5 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair və Misir – LPG) həyata keçirilib.

Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.

Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709.98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1.3% azdır.

2023-cü ildə Türkiyəyə 10.2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29.99%), “Cənub Qaz Dəhlizi” QSC (21.02%), LUKOIL (19.99%), NICO (10%), TPAO (19%).

Son xəbərlər
Digər xəbərlər