6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan BMT Baş katibinə məktub göndərib

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin bir neçə ay bundan əvvəl başlanmış tədbirlərlə əlaqədar məktubu və beynəlxalq miqyasda tanınmış sərhədin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatı BMT-nin Baş katibinin ünvanına göndərilib.

Məktubda deyilir ki, 1991-ci ildə SSRİ dağılandan sonra həm Ermənistan, həm də Azərbaycan beynəlxalq hüquqa müvafiq olaraq keçmiş SSRİ respublikaları kimi malik olduğu sərhədlər daxilində müstəqillik əldə etdi. Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il dekabrın 8-də imzalanmış sazişdə və 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsində bu sənədləri imzalamış bütün dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan da “mövcud sərhədlərin toxunulmazlığına” hörmət etməyi öhdəyə götürüblər. O vaxtdan Azərbaycan yeni dövlətlərin sərhədlərinin müəyyən edilməsi qaydasını müəyyən edən bu prinsipə qəti sadiq olduğunu dəfələrlə bəyan edib.

Y.Əliyev yazır ki, 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibədə başlayıb və onun suveren ərazisinin xeyli hissəsini işğal edib. 1993-cü ildə Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli dörd qətnamə qəbul edərək Azərbaycana qarşı güc tətbiq edilməsini və onun ərazilərinin işğal olunmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini və ərazi əldə edilməsi məqsədilə güc tətbiq edilməsinin yol verilməzliyini bir daha bəyan edib. Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Lakin Ermənistan bu əsas tələbləri yerinə yetirməyib. Əksinə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hiddətləndirici şəkildə pozmaqda davam edib, beynəlxalq sənədlərdə bu prinsipin xatırladılmasını və iki dövlət arasında sərhədin beynəlxalq legitimliyini təmin edən yuxarıda adı çəkilən qaydanın həqiqiliyini dəfələrlə inkar edib. Aşkardır ki, Ermənistanın belə hərəkətləri və bu cür mövqe tutması Azərbaycanı ərazi bütövlüyü hüququndan məhrum edə bilməz. Biz işğala son qoymaq və münaqişəni danışıqlar yolu ilə həll etmək üçün illər boyu ardıcıl səy göstərmişik. Lakin Ermənistan qanunsuz olaraq güc tətbiq etməsinin nəticələrini saxlamaq və möhkəmləndirmək cəhdlərindən əl çəkməyib, yerlərdə daim müxtəlif provokasiyalara əl atıb. Nəticədə 2020-ci il sentyabrın sonlarında Azərbaycan Ermənistanın növbəti silahlı hücumuna cavab olaraq özünümüdafiə hüququnun reallaşdırmaq qaydasında əks-hücum əməliyyatına başlayıb və bu əməliyyatı uğurla başa çatdıraraq 300-dən çox şəhər, qəsəbə və kəndi, o cümlədən Ermənistan ilə həmsərhəd Qubadlı və Zəngilan rayonlarını işğaldan azad edib. Yuxarıda xatırlatdığımız üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri daha iki sərhədyanı rayonun – Laçın və Kəlbəcər rayonlarının ərazisindən çıxarılandan sonra həmin rayonlar Azərbaycana qaytarılıb.

Azərbaycanlı diplomatın məktubunda daha sonra deyilir ki, Azərbaycan və Ermənistan hər iki tərəfin əlində olan müvafiq rəsmi xəritələr əsasında onların arasında sərhəd xəttini dəqiqləşdirməklə məşğuldurlar. Bu proses tərəflərin sərhəd xidmətlərinin iştirakı ilə onların arasında birbaşa texniki əlaqələr yolu ilə həyata keçirilir. Belə əlaqələr Azərbaycanın işğaldan azad edilmiş Qubadlı, Kəlbəcər və Zəngilan rayonlarında yaranan sərhəd məsələlərinin həllinə kömək edib. Bundan əlavə, Azərbaycan xoş məram nümayiş etdirərək sərhəd xətti dəqiqləşdiriləndən sonra bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan avtomobil yolundan Ermənistan vətəndaşlarının istifadə etmələrinə icazə verir.

Bu fonda şübhə yoxdur ki, Qaragöl ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistanın başladığı təhrikçi kampaniya iyun ayında Ermənistanda kəskin siyasi və iqtisadi böhran şəraitində keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində əsasən daxili məqsədlər güdür. Bu şəraitdə Azərbaycana nifrət təbliği və revanşist şüarlar bir-biri ilə mübarizə aparan tərəflərin –1990-cı illərin əvvəlində Azərbaycanla müharibəyə başlayanların və 30 il sonra həmin müharibəni uduzmuş indiki hakimiyyət orqanlarının təklif etdiyi yeganə stimullardır.

Bundan əlavə, otuz il ərzində Azərbaycan ərazisini işğal edəndən sonra, iki ölkə arasında sərhəd rejimi olmadığı indiki şəraitdə Ermənistan hələ də qonşu dövlətin sərhədlərinə hörmət etmək zərurəti ilə barışmayıb və onun ərazi bütövlüyünü pozmaqda davam edir. Mövcud olmayan qurumun adından uydurulmuş sənədlərin və saxtalaşdırılmış tarix versiyalarının yayılması, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindəki yaşayış məntəqələrinin müxtəlif saxta adlarla xatırlanması, revanşist səylərin bərpa edilməsi … – belə nümunələrdən çox göstərmək olar.

Bütün sərhəd məsələləri iki ölkənin sərhəd orqanları arasında yaradılmış rabitə kanalı vasitəsilə həll edilməlidir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi 2021-ci il mayın 12-dən etibarən bu bölgədədir və Qaragöl ətrafında vəziyyətin normallaşdırılmasına dair danışırlar aparılır. Azərbaycan bütün zəruri informasiyanı hər iki tərəfin mövqelərini dinləməyi vacib hesab etmiş beynəlxalq tərəfdaşlara təqdim edib. Ermənistan isə beynəlxalq birliyi çaşdırmaqda davam edir. Buna görə unutmamalıyıq ki, saxtalaşdırma və uydurma praktikası Ermənistana çoxdan xasdır. Çoxsaylı təkzibolunmaz faktlara baxmayaraq bu ölkə onilliklər boyu Azərbaycana qarşı təcavüz törətməsini, onun ərazilərini işğal etməsini, yüz minlərlə dinc sakini doğma yurdlarından qovmasını, işğal edilmiş rayonları və şəhərləri dağıtmasını və qarət etməsini, münaqişə zamanı minlərlə dinc azərbaycanlını qətlə yetirməsini israrla inkar edir.

Məktubun sonunda qeyd edilir ki, Azərbaycan hər hansı dövlətin torpaqlarına iddia etmir, lakin öz ərazisinin bircə qarışını belə heç kəsə verməyəcək. Azərbaycan iki ölkənin beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımaq və hörmət etmək əsasında bu ölkələrin dövlətlərarası münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır və Ermənistandan qarşılıqlı mövqe gözləyir.

Son xəbərlər
Digər xəbərlər