Azərbaycan 2017-ci ili cüzi də olsa iqtisadi artımla başa vurdu. Rəsmi məlumatlara görə, ötən il ölkədə Ümumi Daxili Məhsul 0,1 faiz artıb. Bu zaman neft sektorunda istehsal 5 faiz azalıb, qeyri-neft sektorunda isə 2,7 faiz artıb.
ÜDM artımının olması Azərbaycanın böhrandan çıxmasının göstəricisi sayıla bilərmi? Hansı şərtlər daxilində böhran yenidən təkrarlana bilər?
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin üzvü Əli Məsimli bildirir ki, 2015-2016-cı illərlə müqayisədə 2017-ci ildə bir sıra sahələrdə müsbət meyllər özünü göstərib:
“2016-cı ildə ÜDM-in 3 faizdən çox enməsinə qarşı 2017-ci ildə 0,1 faiz artım oldu. Manat 2017-ci ilin fevralından sabitləşməyə başladı və bir qədər də bahalaşdı. Sərmayə qoyuluşu sahəsində enmə cəmi 2,6 faiz təşkil etdi. Ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq sərmayə qoyuldu. Ödəniş balansında saldo mənfidən müsbətə doğru dəyişdi. Beləliklə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında staqnasiya elementləri ilə yanaşı, böhrandan çıxma əlamətləri də özünü göstərmiş oldu. Bu özünü daha çox qeyri-neft sektorunda göstərdi. Qeyri-neft sektorunda 2016-cı ildəki 4,5 faizlik enmədən sonra 2,7 faiz artım oldu. Bütün bunlar göstərir ki, böhranın çətin və ağır mərhələsi arxada qalıb, durğunluqdan dirçəliş mərhələsinə keçid başlayır”.
Millət vəkilinin sözlərinə görə, bank sektoru və bir sıra sosial sahələr hələ də böhrandan çıxmayıb: “Hökumət hansı sahədə böhrana qarşı tədbirləri yetərli səviyyədə təşkil edə bilibsə, həmin sahə böhrandan çıxıb və ya çıxır. Məsələn, qeyri-neft sektoru. Hansı sahədə böhrana qarşı tədbirləri yetərli səviyyədə olmayıbsa, bu sahədə vəziyyət hələ də sabitləşməyib. Misal üçün bank sektoru və problemli kreditlər sahəsində vəziyyət acınacaqlıdır. 2017-ci ildə bu istiqamətdə müəyyən addımlar atılsa da, bank sisteminin sağlamlaşmasına geniş yol aça bilən əsas problemin həlli istiqamətdə iş görülmədiyindən, vaxtı keçmiş kreditlərin həcmi təhlükəli həddi aşaraq 1,9 milyard manata çatıb”.
İnstitut rəhbəri deyir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı son illər bir qədər azaldılsa da, hələ normal hesab edilən səviyyəyə enmədiyindən, onun durumu xeyli dərəcədə dünya bazarında neftin qiymətindən və qismən də qlobal iqtisadi və maliyyə durumundan asılı olacaq: “Yəni neftin qiyməti bu il elə ehtimal az olsa da, 40 dollardan aşağı düşərsə, Azərbaycanın iqtisadi və sosial durumuna mənfi təsir edəcək, 70 dollardan yuxarı olanda -durum yaxşılaşacaq, ara qiymətlər şəraitində isə vəziyyət indiki kimi olacaq. Amma bunlar məsələnin yalnız bir tərəfidir. Azərbaycan iqtisadiyyatına neftin qiyməti ilə yanaşı, daxili amillər daha ciddi təsir edir. Həmin amillər içərisində islahatların əhatə dairəsi və templərinin iqtisadiyyatımızın yaşadığı yeni mərhələnin tələblərinə uyğun olmaması xüsusi aktuallıq kəsb edir”.
Ə.Məsimli hesab edir ki, yaxın perspektivdə Azərbaycan iqtisadiyyatında 2015-2016-cı illərdəki dərinlikdə böhran gözlənilmir: “Azərbaycan hökuməti ilə yanaşı, beynəlxalq iqtisadi qurumlar da sonrakı illərdə də iqtisadiyyatımızda artım proqnozlaşdır. Son illər Azərbaycan əhalisi hər il orta hesabla 100 min nfər və ya 1-1,3 faiz arası artır. Proqnozlaşdırılan səviyyədə iqtisadi artımın yaratdığı yeni dəyər olsa-olsa artan əhalinin tələbatını dolğun ödəməyə yetər. Amma bizə dünya iqtisadiyyatının artım templərindən 2 dəfə yüksək – 6 faizdən yuxarı artım templəri lazımdır. Ona görə də artımın templərinin yüksəldilməsi və keyfiyyətinin yaxşılaşdırılması məsələsi yenə problem olaraq qalacaq. Mövcud imkan və şanslardan lazımınca istifadə edilməsə, bank sahəsində və sosial sahədəki problemlər, gərginliklər və risklər davam edəcək. Nə qədər ki, hökumət fikirdə, sözdə və işdə neft amilinin aparıcı roluna əsaslanan və dayanıqlılığını artıq çoxdan itirmiş köhnə modeldən insan amilinin aparıcı roluna üstünlük verən yeni modelə keçidi lazımı templərlə təmin etməyəcək, monopoliyaya, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı lazımı səviyyədə mübarizə aparılmayacaq, sənaye parkları və sair bu kimi strukturlar istisna olaraq, qalan sahələrdə Azərbaycanın qeyri-neft sektoru, neft sektoru qədər investisiyalar üçün cəlbedici olmayacaq. Azərbaycanın potensialı imkan verir ki, bir neçə il ərzində qeyri-neft sahəsində, maliyyə sektorunda və sosial sahədə ciddi müsbət nəticələr əldə olunsun. Əslində neft sahəsində də vəziyyət pis deyil. Dünya bazarında neftin qiyməti aşağı düşsə də hazırda Azərbaycan öz neftini maya dəyərindən 2,5- 3 dəfə baha qiymətə satır. Hasilat azalsa da, Azərbaycanın neft gəlirləri artıb. Digər tərəfdən, manat ifadəsində neftin qiymətində artım var. 2014-cü ilin iyun ayında neftin qiyməti 115 dollardan baha olanda Azərbaycan öz neftini 70 manata satırdı. İndi neftimizin qiyməti 60 dollar ətrafında hərəkət edir, bəzən 70 dollar nöqtəsini də vurur. Bu o deməkdir ki, indi biz neftimizi 100-120 manat arasındakı qiymətlə satırıq və bu, neftimizi 115 dollara satdığımız vaxtdakı qiymətdən 10-30 manat bahadır. Neft gəlirlərindən istifadənin obyektiv təhlilini aparıb, həmin vəsaitlərdən istifadənin səmərəliliyini artırmağa, neft gəlirlərinin insan kapitalına çevrilməsi üçün əlavə tədbirlər görməyə ehtiyac var. Ona görə də hökumət islahatlara daha geniş əhatəlik və sistemlilik xarakteri verməklə həm də islahatları daha da dərinləşdirməlidir. Qanunla qadağan olunmayan bütün fəaliyyət növləri üzrə sərbəst hərəkət imkanları yaransa, hökumət konkret sahibkara real kömək edə bilmirsə, heç olmasa ona mane olan hökumət strukturlarının əl-ayağını yığışdırsa (təkcə onu xatırlatmaq kifayətdir ki, yoxlamar məhdudlaşdırılandan sonra yoxlamaların sayı min dəfə azalıb və deməli, yoxlamalar zamanı itirilən pullar sahibkarlara qalır), idarəetmənin çevikliyini və səmərəliliyini artırıb, inhisarçılığa, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı mübarizəni gücləndirsə, müqayisəli üstünlüklərimiz imkan verir ki, Sumqayıtda olduğu kimi, bütünlükdə Azərbaycan regionlarında da qeyri-neft sektoru investisiyalar üçün cəlbedici olsun. Bu əsasda əlavə sərmayə qoyuluşları hesabına sürətlə inkişaf etsin, yüksək rəqabətə davamlı istehsalat sahələri yaradılsın, həm daxili bazarı yetərincə təmin etsin, həm də xaricə indikindən qat-qat artıq mal çıxara bilsin. İslahatları dərinləşdirməklə iqtisadi azadlıqları genişləndirmək, iqtisadi proseslərin liberallaşdırılmasını davam etdirmək, dövlət və özəl sektorun münasibətlərini sivil bazar iqtisadiyyatı prinsiplərinə uyğun təkmilləşdirmək gərəkir. Sahibkarlar qarşısında duran problemlərin və maneələrin aradan qaldırılması istiqamətdə görülən işləri daha da genişləndirmək hesabına perspektivli yerli istehsal sahələrinin yaradılmasında və ixrac potensialının əhəmiyyətli dərəcədə artırılmasında uğurlu nəticələri davamlı olaraq daim artırmaq olar”.