12 C
Baku
Thursday, November 14, 2024

Azərbaycan bu il 24.5 mlrd. kubmetr qaz ixrac edəcək

Energetika naziri Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin üçüncü iclasında iştirak edib.

Energetika Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən nazir Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisi kimi qeyd edib.

Bildirilib ki, münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə dövlət başçılarının ortaq strateji baxışları, son dövrlərdə intensivləşən təmasları, çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərləri töhfə verməkdədir. Nəticədə bu gün münasibətlərimizin xarakterini qardaşlıq, dostluqdan əlavə strateji tərəfdaşlıq və müttəfiqlik müəyyənləşdirir.

Çıxışda türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıqlarla möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs olunub. Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 42.7% artaraq 7.2 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 14.3 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya qoyduğu qeyd edilib. Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrimizin rifahı və Avrasiyada enerji təhlükəsizliyi aspektində dəyərləndirilib. Bildirilib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20.9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu il 24.5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10.2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.

Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımızın isə Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji”nin tədarükçüsünə çevrilməsi ilə bərabər türk dövlətləri arasında enerji əməkdaşlığına da yeni impuls verdiyi vurğulanıb: “Dekabrda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin və bu ilin yanvarında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanması imkan verir ki, Macarıstan yeni mənbədən təbii qaz və elektrik enerjisi ilə təmin edilsin. Xəzəri Avropaya birləşdirən “yaşıl enerji” dəhlizinin Azərbaycan başlanğıc nöqtəsidirsə, Macarıstan son məntəqəsidir. Lakin hesab edirik ki, Macarıstan gələcəkdə bu dəhlizi yeni ölkələrə genişləndirən, “yaşıl enerji”nin tranzit qovşağı olacaq”

BTC ilə illik 1.5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqlinə, Özbəkistanla yeni layihələrə başlanması, həmçinin Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlığa dair sənədin imzalanması da mühüm irəliləyişlər kimi qeyd edilib. Türk dövlətləri Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində iştiraka dəvət edilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər