Azərbaycan 2025-ci ilin ilk rübündə 6 milyon tondan çox xam neft ixrac edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmi baxımından artım göstərsə də, qiymətlərin ucuzlaşması nəticəsində ixracdan əldə olunan gəlirlərdə azalma qeydə alınıb.
Banker.az Dövlət Gömrük Komitəsinin məlumatlarının açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədən 6.012 mln. ton xam neft və neft məhsulu ixrac olunub. Bu həcmin dəyəri 3 milyard 337 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixrac olunan neftin həcmi 5.601 mln. ton, dəyəri isə 3 milyard 490 milyon dollar idi.
Bununla da, ixrac həcmi 7.3% artdığı halda, ümumi gəlir 4.4% azalıb. Əsas səbəb isə beynəlxalq bazarlarda xam neftin orta ixrac qiymətinin ucuzlaşmasıdır.
Neftin 1 tonu bu il 68 dollar ucuz satılır
Statistikaya əsasən, 2024-cü ilin birinci rübündə 1 ton xam neftin ixrac qiyməti orta hesabla 623.13 ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 555.13 dollar olub. Bu da təxminən 10.9%-lik eniş deməkdir.
Qiymət enişinə baxmayaraq, Azərbaycan ixrac həcmini artırmaqla itkiləri kompensasiya etməyə çalışsa da, bu, ümumi gəlirdəki enişi tam qarşılaya bilməyib. Təxminən 153.5 milyon dollarlıq gəlir itkisi qeydə alınıb.
2024-cü ilin ilk rübündə Azərbaycan neftini ən çox aşağıdakı ölkələr idxal edib:
- İtaliya – 3.055 milyon ton (1.703 milyard USD)
- Çexiya – 558.7 min ton (305 milyon USD)
- Almaniya 500 min ton (276 milyon USD)
Xam neft ilk rübdə ölkəyə gələn gəlirlərin 52.25 faizini təşkil edib. Bu keçən ilin eyni dövründə 58.32 faiz idi.
Xam neft bu il ABŞ prezidenti Donald Trampın yenidən prezident seçilməsi fonunda tətbiq etdikləri tariflərdən sonra yaranıb. Trampın tariflərinin yüksəlməsi ümumilikdə qlobal iqtisadiyyatda resessiya risklərini yüksəldib ki, bu da dolayısı ilə xam neft qiymətləri üçün təzyiqi qoruyur.