16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan bu ilin ilk 3 ayında TRASEKA ilə daşınmadan 160 mln. manata yaxın qazanıb

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində (TRASEKA) yük daşınmasından Azərbaycanın gəliri 147 mln. 119.1 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 mln. 9.1 min manat və ya 5.8% çoxdur. Bu gəlirin 37.4%-i (55 mln. 044.9 min manat) tranzit yük daşınmasından əldə olunub ki, bu da illik müqayisədə 3.1% artım deməkdir. Sərnişin daşınmasından gəlirlər isə 26.8% artıb. Bu məbləğlər 9 mln. 662.8 min manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, bu nəqliyyat dəhlizi ilə sərnişin daşınması da 28.6% artaraq 23 mln. 411.6 minə çatıb. Hesabat dövründə yük daşınması isə 6.7% artıb və 10 mln. 858.3 min ton olub. Yük daşınmasının 2 mln. 585.3 min tonu və ya 23.8%-i tranzit yük daşımaların payına düşüb. Tranzit daşınmalar dəmir yolu və dəniz vasitəsilə həyata keçirilib.

Komitənin hesabatında qeyd olunur ki, dəmir yolu ilə yük daşınmaları 4.7%, dəniz ilə 3.8%, avtomobil ilə yük daşınmaları isə 8.5% artıb. Cari ilin ilk 3 ayında bu nəqliyyat vasitələri ilə yük daşınmaları müvafiq olaraq 3 mln. 507 min ton, 1 mln. 236.2 min ton və 6 mln. 115.1 min ton olub.

Qeyd edək ki, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi və ya TRASEKA (abreviatura ing. ТRACECA — Transport Corridor Europe-Caucasus-Asia)  Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən,  Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Avrasiya İpək Yolu ideyasının yenidən gündəmə gəlməsi TRASEKA-da öz təzahürünü tapıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər