Bu ilin iyulun 1-nə yerli banklarda vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığı hesabına yerləşdirilən depozitlərin həcmi 2,5 milyard manat olub.
Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə”də bildirilib.
“Hesabat dövründə ilk dəfə olaraq dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə aprel ayından başlayaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracları təşkil edilib. Bu əməliyyatlar bankların likvidliyinə artırıcı təsir göstərib, izafi likvidliyin aradan qaldırılması məqsədilə Mərkəzi Bank hesabat dövründə sterilizasiya əməliyyatlarını (repo və depozit hərracı) diqqətdə saxlayıb”, – xülasədə qeyd olunub.
Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar hesabat dövründə 1,4 milyon manat proqnoza qarşı 23,4 milyon manat (16,7 dəfə çox) icra edilib ki, bunun da 14,6 milyon manatı əvvəlki ildə Azərbaycan Dövlət Neft Fonduna idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmış gəlirlərdir (ARDNF-in məlumatlarına əsasən).
Qeyd edək ki, bu mənbə üzrə illik proqnoz 10 milyon manat təsdiq edilib. Aparılan təhlillər müvafiq əməliyyatlar üçün sərbəst qalıq vəsaitləri ilə yanaşı, müstəqil kredit sərəncamçılarının da vəsaitlərindən istifadə edildiyini deməyə əsas verir. Hesabat dövründə bu prosesin hüquqi tənzimləməsi mövcud olmasa da, “Büdcə sistemi haqqında” Qanuna 2025-ci il 14 iyul tarixli dəyişikliklərlə büdcə ili ərzində vahid xəzinə hesabının qalığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən idarə olunması və idarəetməyə verilməsi barədə maddə əlavə edilib. Bu dəyişikliklər “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları”nda, eləcə də vahid büdcə təsnifatında büdcə gəlirlərinin təsnifatında “Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar” paraqrafında uyğunlaşmaları zəruri edir.
Aparılmış təhlil hesabat dövrünün ayları üzrə dövlət büdcəsinin icrası ilə bağlı ayın sonuna qalığın məbləğinin ayın əvvəlinə olan qalıq göstərici + profisit (kəsir) + kəsirin maliyyələşdirilməsi məbləğinə bərabər olmadığını göstərir. Ümumilikdə hesabat dövrü üzrə fərq məbləği cəmi 198,9 milyon manat təşkil edib.
Təhlilər göstərir ki, daxili dövlət borcunun istiqraz portfelində qısa və ortamüddətli istiqrazların payı əvvəlki dövrə nisbətən əhəmiyyətli dərəcədə azalıb ki, bu da dövlətin borc portfelini uzunmüddətli istiqamətə yönəltmək strategiyasının nəticəsi kimi qiymətləndirilə bilər. 2-3 illik istiqrazların həcmi əvvəlki dövrə nisbətən kəskin azalıb, lakin portfeldə hələ də əsas paya malikdir, bu da dövlət borcunun ortamüddətli ödəniş strukturunu formalaşdırır. Əhəmiyyətli artım isə 5 illik və daha uzun müddətli istiqrazlarda müşahidə olunur ki, onların payı həm dövlət qiymətli
kağızları, həm də daxili dövlət borcu üzrə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu tendensiya dövlət istiqrazlarının orta ödəniş müddətini əhəmiyyətli dərəcədə artıraraq 1,47 ildən 2,93 ilə çatmasını şərtləndirib.
Mənbə: Report