SOFAZ məlumat yaydı.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb.
Oxu.Az xəbər verir ki, bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb.
Fond bildirir ki, cari ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb.
Bundan əlavə, SOFAZ qeyd edir ki, hal-hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar”ına əsasən SOFAZ-ın investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.