11 C
Baku
Wednesday, December 3, 2025

Azərbaycan Çinin enerji saxlama texnologiyası təcrübəsini öyrənir

Azərbaycan və Çinin “Universal Energy” şirkəti arasında uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasında birinci panelin quraşdırılması çərçivəsində Azərbaycanda səfərdə olan “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb.

“Stansiyanın inşasının gedişi, əməkdaşlığın genişləndirilməsi, imkanları, eləcə də şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi apardıq. Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib”, – deyə P. Şahbazov qeyd edib.

Söhbət zamanı “Universal Energy” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadium əsaslı batareyalar üzrə təcrübəsi, bu texnologiyanın “yaşıl enerji” ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi – 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb. Çinin “Universal International Holdings Limited” şirkəti ilə həyata keçirilən layihə üzrə tikinti işlərinə cari ilin may ayında başlanıb. Tikinti işləri əsasən yerli şirkətlər tərəfindən həyata keçirilir. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

Qeyd edək ki, Çinin “Universal International Holdings Limited” şirkəti ötən il COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən keçirilmiş hərracın qalibi olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər