10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Çinlə birgə e-ticarət platforması yarada bilər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-də Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Banker.az-a verilən məlumata görə, məqsəd iki ölkə arasında müvafiq sahədə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub.

İkitərəfli görüşdə D.Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Sözügedən platforma Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsinə hesablanıb.

Müasir dövrdə e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin çoxluğunu nəzərə alaraq, birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarının qurulması təklif olunub. Eyni zamanda, Çindən sifariş olunan e-ticarət məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən Silk Way aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsi məsələsi də müzakirə olunub.

Hon Konqun Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.

Qeyd edək ki, Azərpoçt MMC, Silk Way və Çinin Aerotrans şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər