“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.
Banker.az xəbər verir ki, ADY-nin Təsərrüfat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
O, buna qədər ADY-nin Təchizat departamentinin direktoru olub.
F. Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində “Maliyyə və kredit ixtisası” üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes təşkili və idarə edilməsi ixtisası” üzrə magistr təhsili alıb.
2009–2017-ci illərdə “Azərpoçt” MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.
2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.