Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC (bundan sonra – Cəmiyyət) tərəfindən vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
İşə baxılması zamanı Cəmiyyət tərəfindən özəl şirkətlərin fəaliyyətlərinə maneələrin yaradılması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub.
Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib.
Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması də nəzərdə tutulur.
Qərarda “Azərbaycan Dəmir Yolları” QSC-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb.