Azərbaycanda dəmir yollarının yeganə operatoru olan dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) öhdəlikləri artıq 2 mlrd. 750.91 mln. manata düşüb.
Banker.az bu barədə ADY-nin 2021-ci il üzrə illik audit hesabatına istinad edir.
Hesabatda göstərilir ki, ADY-nin öhdəliklərinin 1 mlrd. 806.49 mln. manatı uzunmüddətli, o cümlədən 1 mlrd. 784.95 mln. manatı (2020: 2 mlrd. 017.98 mln.) borc öhdəlikləri təşkil edir.
Audit hesabatında dövlət şirkətinin borclarının strukturu hansı valyuta olduğu açıqlanmır. Çünki hesabat üç səhifədən: balans, mənfəət/zərər və kapital dəyişmələrindən ibarətdir. Digər dövlət şirkətləri adətən hesabatlarını açıqlayanda öhdəlikləri barədə detallı məlumatlara yer ayırır.
Xatırladaq ki, ADY Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib və nəqliyyat sektoru üzrə 6 ən iri şirkətindən biridir.