Geosiyasi risklərin artması Azərbaycanı da qızıl kimi ehtiyat limanına “çəkilməyə”həvəsləndirir. 2024-cü ilin dekabrında xaricdən daha 7 ton həcmində qızıl alıb və ölkə tarixində ən iri həcmli alış deməkdir.
Banker.az xəbər verir ki, ötən ilin son ayında ölkəyə xaricdən 6 995 kiloqram həcmində sarı metal gətrilib. İdxal edilmiş qızılın dəyəri 598.14 milyon ABŞ dolları təşkil edir.
Alışların start götürdüyü apreldən bu tərəfə ümumilikdə qızıl alışı 41 078 kiloqram və ya 3 milyard 312.9 milyon dollar olub. Beləliklə, ölkə keçən il ixracda ən çox bu məhsula pul xərcləmiş oldu.
Azərbaycan qızılın böyük hissəsini Avstraliya (18 158 kq), Amerika Birləşmiş Ştatları (12 913 kq) və Kanadadan (2 023 kq) alıb.
Qızıl son illərdə geosiyasi risklərdən və güclü inflyasiyadan ehtiyat edənlər üçün cəlbedici limana çevrilib. Üstəlik, dünyanın əsas mərkəzi banklarının keçən ildən başlayaraq uçot faiz dərəcələrini azaltmağa başlaması qızılın investisiya üçün cəlbediciliyini daha qabarıq hala gətirib. Məsələn, keçən il bir unsiyası 2000 dollar ətrafında olan qızılın qiyməti ilin üçüncü rübünə 2700 dolların üzərinə yüksəlib. Bununla belə, Donald Trampın Ağ Evə prezident kimi geri dönməsi qiymətləri bir qədər soyudub və unsiya üçün 2500 dollara qədər ucuzlaşıb.
Dünya Qızıl Şurası (WGC) qızıl tələbinin tendensiyalarına dair yeni hesabatında bildirib ki, qızıl tələbi 2024-cü ildə mərkəzi banklar və investorlar tərəfindən artırılaraq yeni rekorda çatıb. Ümumi qızıl tələbi illik 1% artaraq 4 974.5 tonla (metrik) tarixi maksimuma çatıb. Bu tələb dəyər baxımından da 382 milyard dollarlıq rekorda yüksəlib. Buna əsas səbəb geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda qiymətlərin rekord səviyyəyə qalxması və investorların təhlükəsiz liman aktivlərinə yönəlməsidir.
Qızıl tələbi dördüncü rübdə 111 milyard dollara çatıb. Bu güclü tələb yeni ilin əvvəllərində də davam edib və çərşənbə axşamı Avropa ticarət sessiyasının sonunda qızılın qiyməti 2 877.10 dollar/unsiya səviyyəsinə yüksələrək yeni rekorda imza atıb. Nyu-York Əmtəə Birjasında qızıl fyuçersləri ilin əvvəlindən bəri təxminən 8.9% artıb.
Mərkəzi bankların – xüsusilə inkişaf etməkdə olan bazarların banklarının – tələbi artımın əsas səbəbi olub və onların alışları üçüncü il ardıcıl olaraq 1 000 tonu keçib. İllik əsasda mərkəzi bankların tələbi 1% azalsa da, dördüncü rübdə alışlar 54% artaraq 332.9 tona çatıb.
Polşa Mərkəzi Bankı 90 ton əlavə edərək alışlara liderlik edib və 2025-ci ildə də mərkəzi bankların qızıla tələbinin yüksək qalacağı gözlənilir.
Azərbaycanda əsas qızıl alışını həyata keçirən ölkənin suveren fondu Dövlət Neft Fondu sayılır. Son məlumatlara əsasən, 2024-cü ildə 30 sentyabr tarixinə, ARDNF tərəfindən 25.2 ton qızıl alınmışdır. Eyni zamanda 2024-cü ilin 3-cü rübündə 12.1 ton qızıl alışı həyata keçirilib.
Bununla belə, Azərbaycan qızıl istehsal etsə də, həmişəki qaydada onu İsveçrəyə sikkə şəkilində satır. Məlumat Dövlət Statistika Komitəsindən təqdim edilib. Bu ilin ilk 12 ayında İsveçrəyə Azərbaycandan 4270.39 kq üzərində və ya 211.76 mln. dollar dəyərində qızıl satılıb.