Fransanın siyasi-hərbi avantüraları sülhün əldə olunmasına maneədir.
Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, sülhün əldə edilməsi üçün şanslar daha da çoxalıb. Bakı hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlıdır. Lakin Ermənistan tərəfi sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, yenə də müxtəlif məzmunlu manipulyasiyalarla məşğuldur. Hazırda Ermənistan rəhbərliyi sülh sazişindən, münasibətlərin normallaşdırılmasından, sərhədlərin delimitasiyası və demarkasiyasından dəm vurur, 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bildirir. Amma əməli işə gələndə bütün bunlarla daban-dabana zidd olan davranış nümunələrini ortaya qoyur.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri də xüsusən Fransanın Ermənistan hakimiyyətinə təsir və təzyiqləridir. Məlum olduğu kimi, torpaqlarını işğaldan azad edən Azərbaycan hələ 2020-ci ilin 44 günlük müharibəsi zamanı Fransanın əsl simasını tam ifşa etdi. Maskası cırılan Fransanın 2020-ci ilin noyabrından bəri çıxmadığı hoqqalar qalmayıb.
Bu ölkənin parlamentinin palatalarında qəbul edilmiş sənədlərin Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini, beynəlxalq hüquqi qüvvə daşımadığını Fransanın özündə də çox yaxşı anlayırlar.
Fransanın BMT səviyyəsində Azərbaycana qarşı aparmağa çalışdığı qarayaxma kampaniyası da iflasa uğradı. Parisin 44 günlük müharibə dövründə ölkəmizə qarşı BMT-də sənəd qəbul etdirmək cəhdləri də baş tutmadı.
Belə ki, 2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra məhz Fransanın təşəbbüsü ilə Təhlükəsizlik Şurası prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı.
Azərbaycanın milli maraqlarına zidd olan, Ermənistana dəstək ifadə edən bu bəyanatın layihəsi BMT TŞ-də təmsil olunan, Qoşulmama Hərəkatına üzv 7 ölkə – İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadın sayəsində qəbul edilməmişdi. Bu dövlətlər tərəfindən layihəyə BMT TŞ-nin qətnamələrinə istinadın daxil olunması da tələb edilmişdi. Bundan sonra bəyanat layihəsinin müəllifləri rüsvayçılıqla onu geri çəkməyə məcbur olmuşdular.
Ötən ilin sonuna doğru isə Azərbaycan növbəti siyasi-diplomatik qələbəsinə BMT müstəvisində imza atdı. Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası ilə əlaqədar olaraq respublikamızın əleyhinə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etdirmək istəyən Fransa bu dəfə də rüsvaçılığa uğradı və hazırladığı riyakar mətni geri götüürməyə məcbur oldu. Beləliklə, bu, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın parlaq diplomatik qələbəsi, Fransanın isə növbəti siyasi biabırçılığı oldu.
Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək, Fransanı məhz onun öz meydanında sözün bütün mənalarında məğlubiyyətə düçar etdi. Bu ölkə BMT TŞ-nin daimi üzvü olsa da, qlobal miqyasda özünü nüfuzlu dövlət hesab etsə də, bütün resurslarını işə salmasına rəğmən, hazırladığı riyakar sənədləri bu qurumda qəbul etdirə bilmədi.
Zəngin və tarixi dövlətçilik ənənələri ilə öyünən Fransa bu cür ədalətsiz və riyakar davranışları nəticəsində özünü gülünc vəziyyətinə saldı. Biz onu da unutmuruq ki, Azərbaycan-Fransa xalqları arasında tarixən gözəl münasibətlər olub. Hələ İkinci Dünya müharibəsində azərbaycanlılar Fransada alman faşizminə qarşı mübarizə aparıblar. Şəkili Əhmədiyyə Cəbrayılovun döyüş yolu Fransa Müqavimət Hərəkatının ən böyük qəhrəmanlıq salnamələrindən biridir.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Avropa ilə əməkdaşlıq siyasətinə həm də Fransadan başlayıb. Həmin dövrdən başlayaraq hər iki dövlətin dövlət və hökumət başçıları, parlament sədrləri, nazirləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev Fransaya, Fransanın sabiq prezidentləri J.Şirak, N.Sarkozi və F.Olland isə Azərbaycana səfərlər ediblər. Bir müddət öncəyə qədər prezidentlərin qarşılıqlı səfərləri ənənəyə çevrilmişdi. Ayrı-ayrı vaxtlarda Fransanın dövlət başçıları Azərbaycanın, Azərbaycan prezidentləri isə Fransanın ali orden və medalları ilə təltif olunublar. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi və digər tarixi abidələrin bərpasında iştirak edib.
Lakin Fransanın indiki prezidenti E.Makron və bu ölkənin qanunvericilik orqanları onilliklər boyu formalaşmış bu dostluq əlaqələrini öz ədalətsiz və riyakar əməlləri, erməni təəssübkeşlikləri ilə məhv etdilər.
Ziyad Səmədzadə,
akademik