Azərbaycanda dövlət tərəfindən milli valyutanın ABŞ dollarına qarşı minimal məqbul rəsmi məzənnəsinin cari vəziyyətdə 1,50 AZN/USD səviyyəsində müəyyən olunduğu məlum olub.Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 26-da mütəmadi olaraq keçirdiyi valyuta hərracında Dövlət Neft Fondundan (ARDNF) 30 mln. ABŞ dolları həcmində valyuta kütləsini alaraq bazarda manat intervensiyası keçirməsi və dolların rəsmi məzənnəsinin 1,5006 AZN/USD səviyyəsindən aşağı düşməsinə mane olması bunu deməyə əsas verir.
“Bazar ertəsi, aprelin 25-də də dolların məzənnəsinin 1,49 AZN/USD səviyyəsinə düşməsinin qarşısı manat intervensiyası vasitəsi ilə alınıb və məzənnə 1,50 manat səviyyəsi üzərində müəyyənləşib. Son günlər AMB-nin valyuta bazarına müdaxiləsi dolların məzənnəsinin 1,50 AZN/USD-dən aşağı düşməyəcəyi ilə bağlı fikirləri gücləndirib. Bu da dollara minimal hesab edilən 1,50 AZN/USD səviyyəsində tələbi artırıb. Son günlər ərzində nağd valyuta bazarında dolların məzənnəsi 1,48 manatdan 1,51 manata yüksəlib”, – deyə “Report”un analitik qrupu qeyd edir.
Analitiklər hesab edirlər ki, rəsmi məzənnənin tədricən, aşağı templə artırılması tendensiyası davam edəcək: “Hazırda neft qiymətləri də ilin maksimal səviyyəsi olan 48 dollar/bareli keçib. Bundan sonra neft qiymətlərinin ilin sonuna qədər əsasən azalma tendensiyası göstərməsi gözlənildiyindən daxili valyuta bazarında dolların məzənnəsinin yüksələcəyi ehtimal edilə bilər. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiyanın milli valyutası – rublun dollarla müqayisədə məzənnəsinə diqqət yetirdikdə məzənnənin 65 RUB/USD səviyyəsindən aşağı enmədiyini görərik. Türkiyə lirəsində də vəziyyət eynidir – dolların məzənnəsi 2,82 TRY/USD səviyyəsindən aşağı enməyib”.