Azərbaycanın da payı olduğu “Qara Dəniz Ticarət və İnkişaf Bankı” (QDTİB) 2023-cü ildə mənfəətə çıxıb.
Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında qeyd edilir.
Hesabata əsasən, 2023-cü ildə QDTİB 20.41 milyon avro və ya 38.39 milyon Azərbaycan manatı həcmində* mənfəət əldə edib. Halbu ki, beynəlxalq maliyyə təşkilatı öncəki ili 27.59 milyon avroluq zərər etmişdi.
Hesabat müddəti ərzində, QDTİB-in faiz gəlirləri 8 faiz azalaraq 139.41 milyon avroya düşüb.
Bankın aktivləri həcmi illik müqayisədə 26% azalaraq 2 milyard 168.88 milyon avroya düşüb. Aktvivlərin 1 milyard 519.71 milyon avrosu müştərilərə verilmiş kreditlərdir və aktivlərin azalmasında əsas faktor da bankın bu portfelidir. Portfel son bir ildə 23% azalıb.
QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri – Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın yaratdığı beynəlxalq maliyyə kredit təsisatıdır. Nizamnamə kapitalı 3.45 milyard avro olan Bankda Azərbaycan öz payını 2008-ci ildə 2 %-dən 5 %-ə çatdırıb.
* Azərbaycan Mərkəzi Bankı: EUR/AZN 1.8811 AZN (31.12.2023)
| Ölkə | Səhmdarların payı |
| Yunanıstan | 16.5% |
| Rusiya | 16.5% |
| Türkiyə | 16.5% |
| Rumıniya | 14.0% |
| Bolqarıstan | 13.5% |
| Ukrayna | 13.5% |
| Azərbaycan | 5.0% |
| Albaniya | 2.0% |
| Ermənistan | 1.0% |
| Gürcüstan | 0.5% |
| Moldova | 0.5% |







